Vətənimizin bütövlüyünün təmin edilməsi XX əsrin sonlarında tarixinə vurulan ağır
zərbələrdən sonra onun xarici və daxili siyasətinin başlıca meyarı olmuşdu. Məhz bu istiqamət
üzrə 2016-cı ilin aprel döyüşləri və 2020-ci il iyul hərbi əməliyyatları bir qığılcım rolu
oynamışdır. Bu həqiqətlərin tarixi davamı olaraq, 27 sentyabr 2020-ci ildə başlamış Vətən
müharibəsi zirvə nöqtəsini təşkil etmişdir. Hərbi əməliyyatlar “Dəmir yumruq”adlı hərbi döyüş
taktikasının yüksək peşakarlıqla təşkili və tətbiqi nəticəsində məharətlə yerinə yetirildi. Döyüş
taktikalarının düzgün yerinə yetirilməsi, Cəbrayıl rayonunun işğaldan azad olunmasına imkan
yaratmış oldu. Zəngilan rayonu Azərbaycan Silahlı Qüvvələri tərəfindən 18 oktyabr 2020-ci il
tarixindən qanlı döyüşlərin başlaması 20 oktyabr 2020-ci il tarixdə şəhər mərkəzi başda
olmaqla 4 qəsəbəsi və 49 kəndinin azad edilməsi ilə nəticələnmişdir.
Zəngilan azad olunması həm də 132-km uzunluğunda Azərbaycan–İran sərhədinin
bərpası demək idi. Ali Baş Komandanın 20 oktyabr tarixində xalqa ünvanlanmış müraciətində
Zəngilanın Azərbaycanın tarixi əhəmiyyətə malik olduğu ərazi kimi azad olmasının da nə qədər
önəmli olduğunun göstərdi. Zəngilanın azad olunmasının əsas döyüşləri Mincivan, Ağbənd və
Bartaz qəsəbələrinin uğurunda aparılan haqq savaşı təşkil etmişdir.
2020-ci il noyabrın 26-da “Zəngilanın azad olunmasına görə” medalı təsis edildi.
Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin sərəncamları ilə Zəngilan rayonunun
işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və
şücaət nümayiş etdirmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 6974 hərbi qulluqçusu
“Zəngilanın azad olunmasına görə” medalı ilə təltif edilmişdir. Bu şərəfli yolda canlarını fəda
etmiş şəhidlərimizi böyük ehtiramla anmaq hər bir Azərbaycan vətəndaşının şərəfli borcudur.
Zəngilanın azad olması həm də tarixi əhəmiyyətə malik olan Azərbaycan torpağının
erməni vandalizmindən azad olması demək idi. Barbar həyat tərzi sürmüş erməni işğalçıları
Vətənimizin bu tarixi torpağının qədim abidələrini, məzarlıqlarını vəhşicəsinə çapıb talamış,
bununla da əsrlər boyu türklərə olan nifrətlərini açıq şəkildə nümayiş etdirmişlər. Azərbaycan
xalqı Ali Baş Komandan İlham Əliyev başda olmaqla igid oğullarının qəhrəmanlığı ilə
ərazimizin azad olmasında məharətlə çıxış etmiş, hətta əhval-ruhiyyələrini müharibənin ilk
günlərindən qələbəyə kökləmişlər.
Şanlı Qələbədən sonra Prezident İlham Əliyev Zəngilan rayonuna dəfələrlə səfər etmiş,
burada aparılan bütün bərpa və quruculuq işləri ilə bilavasitə özü tanış olmuşdur. İşğaldan
azad olunmuş rayonlarda icra olunan layihələr regionun sosial-iqtisadi inkişafında çox mühüm
rol oynayacaqdır. Prezident İlham Əliyevin səfərləri onu göstərir ki, “Böyük Qayıdış” üçün
bütün mövcud potensiallar səfərbər olunub.
Artıq Zəngilan ölkə və beynəlxalq səviyyəli tədbirləri keçirilmə məkanına çevrilib. Belə ki,
2023-cü il sentyabrın 29-da BMT-nin Məskunlaşma Proqramının (UN-HABITAT) və
Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin əməkdaşlığı ilə
keçirilən “Şəhərsalma Həftəsi 2023” tədbirləri çərçivəsində təşkil edilən “Davamlı şəhərlər
iqtisadi inkişafın hərəkətverici və bərabərsizliklərlə mübarizə aparan qüvvəsi kimi” mövzusunda
2-ci Milli Şəhərsalma Forumu məhz Zəngilanda keçirilib. Bu tədbirdə 53 ölkədən 200-ə yaxın
xarici qonaq və ümumilikdə 400 iştirakçı iştirak edib. Həmçinin 2021-ci il oktyabrın 26-da
Azərbaycanda rəsmi səfərdə olan Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan
Zəngilan rayonunun Ağalı kəndində həyata keçirilən “Ağıllı kənd” layihəsinin aşılış
mərasimində iştirak edib, layihə çərçivəsində görülən işlərlə tanış olub.
Bu gün Zəngilanda bərpa-quruculuq işləri surətlə davam edir. Birinci pilot layihə
Zəngilanın Ağalı kəndində icra edilib, burada 200 evdən ibarət gözəl kənd salınıb. Kəndin
genişləndirilərək əlavə 150 fərdi ev inşa edilib. Burada məşğulluq, məktəb, bağça, tibb
məntəqəsi, bütün xidmətlər – “ASAN”, “DOST”, kiçik və orta biznesə dəstək xidmətləri
mövcuddur. 2022-ci ilin may ayından Ağalı kəndinin ilk sakinləri doğma torpaqlarında
məskunlaşmağa başlayıblar. Bu gün Ağalı ağıllı kəndi dünyanın ən müasir kəndlərindən biridir.
Hazırda Zəngilanda bir sıra logistik layihələr həyata keçirilir. Böyük strateji əhəmiyyəti olan
Horadiz-Zəngilan-Ağbənd dəmir yolunun inşası aparılır. Bu dəmir yolu azad edilmiş torpaqlara
həm vətəndaşların gəlməsi, həm də yüklərin daşınması üçün böyük əhəmiyyətə malik olacaq.
Zəngilanda inşa olunmuş hava limanı bu bölgəni beynəlxalq nəqliyyat-logistika mərkəzinə
çevirmək üçün imkanlar yaradıb. Buradan dəmir və avtomobil yolları da keçəcək və Naxçıvana
yol açılacaq. Ümumi uzunluğu 124 kilometr olan Zəngilan-Horadiz avtomobil yolunun çəkilişı
başa çatıb.
2023-cü il oktyabrın 6-da Zəngilan rayonunun Ağbənd qəsəbəsi yaxınlığında
“Azərbaycan Respublikası Hökuməti ilə İran İslam Respublikası Hökuməti arasında İran İslam
Respublikasının ərazisindən keçməklə Azərbaycan Respublikasının Şərqi Zəngəzur iqtisadi
rayonu ilə Naxçıvan Muxtar Respublikası arasında yeni kommunikasiya bağlantılarının
yaradılması haqqında Anlaşma Memorandumu” çərçivəsində avtomobil körpüsü və sərhəd-
gömrük infrastrukturunun inşası, ərazidə sahilbərkitmə tədbirləri layihələrinin təməlqoyma
mərasimi keçirilib və tikinti işlərinə başlanılıb. Avtomobil körpüsü və sərhəd-gömrük
infrastrukturunun göstəricilərinin ölkələrin ərazisindən keçən tranzit yükdaşımalarının artımına
və Naxçıvan Muxtar Respublikasına gediş-gəlişin asanlaşdırılmasına xidmət göstərəcək. Belə
ki, 7 gediş-gəliş xətti olacaq dövlət sərhədindən buraxılış məntəqəsinin, eləcə də avtomobil
körpüsünün gündəlik qəbul edə biləcək yük-nəqliyyat vasitələrinin sayı ən azı 1 100 təşkil
edəcək.
Zəngəzur dəhlizinin açılması isə uzun illər blokadada olmuş Naxçıvan Muxtar
Respublikasını bu şəraitdən çıxarmaqla yanaşı, xalqımızın qədim Zəngəzura yenidən
qayıdışını təmin edəcəkdir.
Dövlətimizin başçısı 2023-cü il iyulun 31-də imzaladığı müvafiq Sərəncama əsasən
şəhərin işğaldan azad edildiyi 20 oktyabr tarixi Zəngilan Şəhəri Günü kimi qeyd olunur.
Sərəncam işğaldan azad edilmiş şəhər günlərinin təsis olunması Vətən müharibəsində
qazanılmış tarixi qələbəni əbədiləşdirmək məqsədi daşıyır. Bu gözəl bayram Zəngilanda böyük
coşqu ilə qeyd edilir.
Famil Ağayev,
Sabirabad rayon sakini, fəal gənc















