1xeber.media xəbər verir ki, oktyabrın 27–28-də Bakıda İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv dövlətlərin korrupsiyaya qarşı mübarizə aparan hüquq-mühafizə orqanları rəhbərlərinin üçüncü Yüksək Səviyyəli Görüşü keçiriləcək.
Baş prokurorun müavini Heydər Məmmədovun sözlərinə görə, tədbirdə İƏT-ə üzv 57 dövlətdən 48-nin nümayəndələri olmaqla, ümumilikdə 250-dən artıq şəxsin iştirakı gözlənilir.
Görüşə hazırlıq məqsədilə Baş Prokurorluqda müvafiq əmr əsasında Yerli Təşkilat Komitəsi yaradılıb. Komitənin əsas vəzifələri tədbirin təşkilini təmin etmək, üzv dövlətlər arasında korrupsiyaya qarşı mübarizə sahəsində əməkdaşlığı genişləndirmək və Azərbaycanın bu istiqamətdə təcrübəsini beynəlxalq tərəfdaşlarla bölüşməkdir.
Heydər Məmmədov bildirib ki, tədbirdə 30 dövlət qurumunun rəhbərinin, səfirlərin, beş beynəlxalq və regional təşkilatın rəhbər və yüksək vəzifəli nümayəndələrinin, eləcə də üç müşahidəçi dövlətin təmsilçilərinin iştirakı gözlənilir.
Baş prokurorun müavini Azərbaycanın beynəlxalq tədbirlərin təşkili sahəsində təcrübəsinə də toxunub. O, Baş prokuror Kamran Əliyevin rəhbərliyi ilə Bakıda keçirilən Beynəlxalq Prokurorlar Assosiasiyasının 29-cu İllik Konfransını, COP29 çərçivəsində təşkil olunan yüksək səviyyəli sessiyanı və GlobE Şəbəkəsinin Altıncı Plenar İclasını nümunə göstərib.
Qeyd edək ki, qarşıdan gələn görüşün əsas məqsədlərindən biri İƏT-ə üzv dövlətlər arasında korrupsiyaya qarşı mübarizə üzrə beynəlxalq əməkdaşlığın gücləndirilməsidir.















