“Azərbaycanda qiymətləndirmə standartlarının hazırlanması ilə bağlı müzakirələr gündəmdədir. Bu sahədə standartlaşdırma işləri AZSTAND və onun nəzdində fəaliyyət göstərən TK 54 – “Qiymətləndirmə fəaliyyəti” üzrə Texniki Komitə çərçivəsində aparıldığı halda, Azərbaycan Qiymətləndiricilər Palatası (AQP) da qiymətləndirmə standartlarının hazırlanması istiqamətində fəaliyyət göstərdiyini bəyan edir”.
Bu barədə açıqlamanı AZSTAND/TK 54 – “Qiymətləndirmə fəaliyyəti” üzrə Texniki Komitəsinin üzvü, beynəlxalq idarəetmə standartları üzrə mütəxəssis Asif İbrahimov bildirib.
O qeyd edib ki, qiymətləndirmə standartları ayrı-ayrı qurumların deyil, milli sistemin prinsipləri əsasında hazırlanmalıdır. Mütəxəssisin sözlərinə görə, “Standartlaşdırma haqqında” Qanuna əsasən, dövlət standartlarının qəbulu Azərbaycan Standartlaşdırma İnstitutunun (AZSTAND) səlahiyyətlərinə aiddir. Buna görə də hər hansı qurumun standart layihəsi hazırlaması həmin sənədin avtomatik olaraq dövlət standartı statusu alması demək deyil.
O qeyd edib ki, Azərbaycanda standartların hazırlanması müəyyən edilmiş prosedurlara uyğun aparılır. Layihələr milli standartlaşdırma proqramı çərçivəsində nəzərdən keçirilir, texniki komitələrdə hazırlanır, ictimai müzakirəyə çıxarılır və müvafiq qaydada qəbul edilir. Bu yanaşma vahid metodologiyanın və obyektivliyin qorunmasına xidmət edir.
Texniki Komitənin üzvü hesab edir ki, qiymətləndirmə standartları hazırlanarkən maraqların toqquşması məsələsinə də diqqət yetirilməlidir. Qiymətləndirmə xidmətləri göstərən qurumların öz fəaliyyətlərinə təsir edən standartların hazırlanmasında iştirakı zamanı şəffaflıq və rəqabət bərabərliyi qorunmalıdır.
Onun sözlərinə görə, istənilən assosiasiya və ya şirkət standart layihələri hazırlaya, metodiki təkliflər verə bilər. Lakin bu, həmin quruma qanunvericiliklə müəyyən edilməyən səlahiyyətlər qazandırmır. Standartlar ayrı-ayrı qurumların deyil, bütövlükdə bazarın və xidmət istehlakçılarının maraqlarını nəzərə almalıdır.
Asif İbrahimov bildirib ki, qiymətləndirmə sahəsində AZSTAND/TK 54 – “Qiymətləndirmə fəaliyyəti” üzrə Texniki Komitə mövcuddur. Komitədə dövlət qurumlarının, maliyyə sektorunun, ali təhsil müəssisələrinin və elmi-pedaqoji heyətin nümayəndələrinin təmsil olunması məsələyə müxtəlif tərəflərdən yanaşmağa imkan verir.
Mütəxəssis vurğulayıb ki, qiymətləndirmə standartlarının hazırlanması AZSTAND-ın prosedurları və 54 satlı texniki komitənin 2025–2027-ci illər üzrə fəaliyyət planı çərçivəsində əlaqələndirilməlidir. Azərbaycan Qiymətləndiricilər Palatası (AQP) da daxil olmaqla, bütün maraqlı tərəflər öz təkliflərini bu mexanizm vasitəsilə təqdim edə bilərlər.
Asif İbrahimovun fikrincə, əsas məsələ standartların hansı qurum tərəfindən təşəbbüs kimi hazırlanmasından daha çox, onların qanunvericiliyə uyğun, şəffaf və vahid milli standartlaşdırma sistemi çərçivəsində qəbul edilməsidir.
Musavat.com Azərbaycan Qiymətləndiricilər Palatasının da mövqeyini öyrənib.
Qurumun İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinin müdiri Azər Niftiyev məsələ ilə bağlı bildirib ki, Azərbaycan ərazisində qiymətləndirmə fəaliyyətinin həyata keçirilməsini tənzimlənməsi Azərbaycan Qiymətləndiricilər Palatasının səlahiyyətinə aiddir:
“Qanunda bilavasitə göstərilir ki, yalnız Palatanın üzvü olan qiymətləndiricilər Azərbaycan Respublikasının ərazisində qiymətləndirmə fəaliyyəti ilə məşğul ola bilərlər. Bu qiymətləndirmə fəaliyyəti haqqında Milli Məclisin qəbul etdiyi, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təsdiq etdiyi qanunda birbaşa öz əksini tapıb. Eyni zamanda qiymətləndiricilərin tədris peşə fəaliyyətinin artırılması, qiymətləndiricilərə dair metodoloji yanaşmaların təsdiqi də Azərbaycan Qiymətləndiricilər Palatasının ümumi yığıncağının səlahiyyətinə aiddir”.
“Qeyd olunan iddiaya gəldikdə isə, bu gün Azərbaycanda minlərlə qeyri-hökumət təşkilatı fəaliyyət göstərir. Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti minlərlə qeyri-hökumət təşkilatlarından birinin tənzimləyici bir quruma qarşı əsassız iddia, qeyri-ciddi müzakirələr hesab edir və bu baxımdan onlara cavab vermək, qeyri-ciddi müzakirələrlə vaxt itirmək, baş qoşmaq niyyətində deyilik. Azərbaycan Qiymətləndiricilər Palatasının çox ciddi layihələri olacaq. Bu istiqamətdə fəaliyyətimiz davam edir və hesab edirik ki, bu cür təxribatçı fəaliyyətlərə də son qoyulmalıdır”, - deyə AQP rəsmisi fikrini yekunlaşdıırb.















