
1xeber.media xəbər verir ki, Azərbaycanda “Əmək pensiyaları haqqında” Qanuna edilən dəyişikliklərə əsasən, müəyyən kateqoriyadan olan pensiyaçılara aylıq sabit məbləğdə əlavə ödənilməsi nəzərdə tutulur.
Bu barədə deputat Vüqar Bayramov məlumat verib. O bildirib ki, dəyişikliklər Milli Məclisdə qəbul edilib, lakin onların qüvvəyə minməsi üçün Prezident tərəfindən imzalanması tələb olunur.
Deputatın sözlərinə görə, aylıq əlavə əmək pensiyası yaşına çatmış və ya bu yaşa çatana qədər orqanizmin funksiyalarının 81–100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş müəyyən kateqoriyadan olan şəxslərə şamil ediləcək.
Əlavə ödəniş nəzərdə tutulan şəxslər arasında azı 15 il qulluq stajı olan sabiq yüksək vəzifəli dövlət rəsmiləri, o cümlədən baş nazirlər və onların müavinləri, sabiq dövlət qulluqçuları, müəyyən staj tələblərinə cavab verən sabiq deputatlar, Hesablama Palatasının və Mərkəzi Seçki Komissiyasının sabiq üzvləri, ombudsmanlar, diplomatik xidmətin sabiq əməkdaşları və Müdafiə Nazirliyinin hərbi qulluqçuları yer alır.
Siyahıya həmçinin sabiq vitse-prezidentlər, Prezidentin səlahiyyətli nümayəndələri və onların müavinləri, mərkəzi və yerli icra hakimiyyəti orqanlarının müəyyən rəhbər vəzifələrində çalışmış şəxslər, eləcə də qanunda göstərilən digər kateqoriyalar daxildir.
Vüqar Bayramov qeyd edib ki, sabit əlavənin konkret məbləği və ödənişi həyata keçirəcək qurum müvafiq icra hakimiyyəti orqanının qərarı ilə müəyyənləşdiriləcək. Əlavələrin dövlət büdcəsinin vəsaiti hesabına ödənilməsi nəzərdə tutulur.
Dəyişikliklər qüvvəyə mindikdən sonra aidiyyəti kateqoriyalara daxil olan şəxslərin pensiya təminatı yeni qaydalar əsasında həyata keçiriləcək.















