Bakıda İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv dövlətlərin korrupsiyaya qarşı mübarizə aparan hüquq-mühafizə orqanlarının nümayəndələrinin iclası başlayıb.
1xeber.media xəbər verir ki, tədbirdə çıxış edən Baş prokuror Kamran Əliyev bu mühüm görüşə ev sahibliyi etməkdən və qonaqları Bakıda salamlamaqdan şərəf duyduğunu diqqətə çatdırıb.
Onun sözlərinə görə, korrupsiya dünyanın hər yerində milyonlarla insanın rifahına mənfi təsir göstərir, qanunun aliliyini zəiflədir, cəmiyyətlərin iqtisadi və sosial sabitliyini pozur və mütəşəkkil cinayətkarlıq üçün əlverişli zəmin yaradır.
"Korrupsiyanın mənfi təzahürlərinə bütün hüquq sistemlərində rast gəlinir. Buna görə də korrupsiya qlobal hadisədir və hamımızın qarşılaşdığı ümumi problemdir".
Onun sözlərinə görə, korrupsiyaya qarşı mübarizənin effektivliyini təmin edən əsas amillərdən biri güclü siyasi iradədir.
"Azərbaycanda Prezident İlham Əliyevin birgə qabaqlayıcı və inzibati tədbirlərin həyata keçirilməsi istiqamətində nümayiş etdirdiyi güclü siyasi iradə korrupsiyaya qarşı səmərəli mübarizənin aparılması ilə nəticələnib. Qısa müddət ərzində genişmiqyaslı hüquqi və institusional islahatlar həyata keçirməklə Azərbaycan beynəlxalq antikorrupsiya standartlarına uyğun müasir hüquqi baza formalaşdırıb".
















