“Maraqlar toqquşması haqqında” qanun layihəsində vəzifəli şəxslərin xidməti fəaliyyəti zamanı əldə etdikləri ictimaiyyətə açıqlanmayan məlumatlardan maliyyə məqsədləri üçün istifadəsinə məhdudiyyət qoyulur.
1xeber.media xəbər verir ki, Milli Məclisdə müzakirəyə çıxarılacaq qanun layihəsinə əsasən, vəzifəli şəxs xidməti vəzifələrinin icrası ilə əlaqədar əldə etdiyi insayder məlumatlardan istifadə edərək birbaşa və ya dolayı yolla qiymətli kağızları ala, sata və ya onların digər formada ticarətini həyata keçirə bilməz.
Həmin maddədə bu məlumatlardan istifadə etməklə maddi və digər nemət, üstünlük və güzəşt əldə edilməsi ilə nəticələnən fəaliyyət də yolverilməz hesab edilir.
Bununla yanaşı, layihə sahibkarlıq fəaliyyəti göstərmədən və xidməti vəzifələrin icrası ilə əlaqəsi olmadan əmanətlərdən, qiymətli kağızlardan və digər göstərilən mənbələrdən qanunvericiliyə uyğun gəlir əldə edilməsini ümumi şəkildə qadağan etmir.
Beləliklə, əsas məhdudiyyət qiymətli kağızlara sahib olmaqdan daha çox, xidməti fəaliyyət zamanı əldə edilən açıqlanmamış məlumatların şəxsi qazanc üçün istifadəsinə yönəlib.
Təklif olunan qaydanın məqsədi xidməti məlumatlardan sui-istifadə hallarının və şəxsi maliyyə maraqlarının dövlət vəzifələrinin icrasına təsirinin qarşısını almaqdır.
















