Kredit borclarının vaxtında ödənilməməsi vətəndaşlar üçün həm maliyyə, həm də hüquqi çətinliklər yarada bilər. İşsizlik, gəlirlərin azalması və yaşayış xərclərinin artması borcalanların ödəniş qabiliyyətinə mənfi təsir göstərir. Belə hallarda gecikdirilmiş ödənişlərə görə faiz və cərimələrin hesablanması, məhkəməyə müraciət edilməsi və borcun məcburi qaydada tutulması gündəmə gələ bilər. Bununla yanaşı, borcunu ödəyə bilməyən şəxslərin hüquqları və qanunvericiliklə müəyyən edilmiş məsuliyyət hədləri də diqqət çəkir.
Kredit borcunu ödəyə bilməyən vətəndaşları hansı hüquqi məsuliyyət gözləyir? Borcalan işsiz qaldıqda və ya gəliri borcunu ödəməyə çatmadıqda, bankla razılaşma əldə etmək və borcun ödənilməsini asanlaşdırmaq üçün hansı imkanlardan yararlana bilər?
1xeber.media xəbər verir ki,mövzu ilə bağlı “AzPolitika”ya açıqlama verən bank məsələləri üzrə ekspert Əkrəm Həsənov bildirib ki, borcunu ödəyə bilməyən şəxsin öhdəlikləri, bir qayda olaraq, onun əmlakı və gəlirləri hesabına icra oluna bilər.
Onun sözlərinə görə, borcun qaytarılması üçün girov qoyulmuş əmlaka, zəruri hallarda isə zaminin məsuliyyətinə müraciət edilə bilər: “Eyni zamanda, qanunvericilikdə nəzərdə tutulan qaydada borclunun əməkhaqqından, pensiyasından və digər gəlirlərindən tutulmalar həyata keçirilə, onun adına olan əmlakın üzərinə tələb yönəldilə bilər. Borclunun mülkiyyətində torpaq sahəsi, avtomobil, bir neçə mənzil və ya başqa əmlak varsa, borcun tutulması prosesində həmin aktivlər də nəzərə alına bilər. Lakin şəxsin borcu ödəmək üçün əmlakı və gəliri yoxdursa, bu, özlüyündə onun əlavə məsuliyyətə cəlb olunması üçün əsas yaratmır”.
















