Azərbaycanda 2026-cı ilin yanvar-sentyabr aylarında aqrar sığorta çərçivəsində fermer və təsərrüfat sahiblərinə ümumilikdə 1 milyon 872 min manat sığorta ödənişi edilib.
1xeber.media xəbər verir ki, Aqrar Sığorta Fondu (ASF) tərəfindən ölkənin 38 rayon və şəhərində həyata keçirilən ödənişlər həm heyvandarlıq, həm də bitkiçilik təsərrüfatlarını əhatə edib.
Fondun məlumatına görə, 254 baş mal-qaranın tələf olması ilə əlaqədar fermerlərə heyvandarlıq sığortası üzrə 1 milyon 362 min 177 manat ödənilib.
Bundan başqa, müxtəlif bitkilərin əkildiyi 764 hektar əkin sahəsinə dəymiş ziyana görə 510 min 153 manat sığorta ödənişi həyata keçirilib.
Hesabat dövründə heyvandarlıq təsərrüfatlarında sığorta hadisələri əsasən yoluxucu xəstəliklər, yemdən və otdan zəhərlənmə, ilan sancması və vəhşi heyvanların hücumu nəticəsində baş verib. Zərərlərin böyük hissəsi yoluxucu xəstəliklər və zəhərlənmələrlə bağlı olub.
Əkin sahələrinə isə dolu, sel-subasma, qasırğa, fırtına, leysan, şaxtavurma, üçüncü şəxslərin hərəkətləri, yanğın və vəhşi heyvanların hücumu nəticəsində ziyan dəyib. Ən çox zərər dolu və sel-subasma hadisələri səbəbindən qeydə alınıb.
Sığorta ödənişlərinin həcminə görə ilk beşlikdə Ağdaş, Goranboy, Ağsu, Kürdəmir və Saatlı rayonları qərarlaşıb. Belə ki, Ağdaşda 481 min, Goranboyda 205 min, Ağsuda 181 min, Kürdəmirdə 119 min, Saatlıda isə 110 min manat ödəniş edilib.
Bitkiçilik sığortası üzrə 27 rayonda, heyvandarlıq sığortası üzrə isə 21 rayon və şəhərdə fermerlərə kompensasiya ödənilib. Bitkiçilik sahəsində ən böyük ödənişlər Biləsuvar, Ağdam, Ağcabədi, Tovuz və Kürdəmir rayonlarında, heyvandarlıq üzrə isə Ağdaş, Goranboy, Ağsu, İsmayıllı, Kürdəmir və Saatlıda həyata keçirilib.
Aqrar Sığorta Fondu fermerləri payızlıq əkinlər dövründə əkin sahələrini, tarla bitkilərini, meyvə bağlarını və heyvandarlıq təsərrüfatlarını dövlətin güzəştli sığorta mexanizmi ilə sığortalamağa çağırıb.
Qeyd edək ki, aqrar sığorta xidmətləri, sığorta şərtləri və haqları barədə ətraflı məlumatı Fondun www.asf.gov.az rəsmi internet səhifəsindən və ya 1651 Çağrı Mərkəzindən əldə etmək mümkündür.
















