Qara dənizdə Bolqarıstan sahilləri yaxınlığında GAS HUSKY adlı motorlu qazdaşıyan gəmi batıb. Hadisə nəticəsində gəminin ekipajının axtarış-xilasetmə əməliyyatına hərbi aviasiya qüvvələri də cəlb edilib.
1xeber.media xəbər verir ki, Bolqarıstan Müdafiə Nazirliyinin noyabrın 17-də yaydığı məlumata görə, qəza Byala şəhərindən təxminən 50 mil şərqdə baş verib.
Məlumatda bildirilir ki, Bolqarıstan Hərbi Hava Qüvvələrinin hərbçiləri və aviasiya texnikası gəminin ekipaj üzvlərinin axtarışı və xilas edilməsi əməliyyatında iştirak edir.
Əməliyyat çərçivəsində Balçik aviabazasından havaya qalxan Su-25 təyyarəsi hadisə bölgəsində hava kəşfiyyatı aparıb. Daha sonra ərazidə insanların olduğu xilasetmə salı aşkarlanıb.
Bundan sonra xilasetmə əməliyyatına “Cougar” tipli helikopter cəlb edilib. Hadisə yerinə əlavə olaraq daha bir Su-25 təyyarəsi də göndərilib.
Hazırda ekipaj üzvlərinin xilas edilməsi istiqamətində əməliyyatın detalları açıqlanır.
















