Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşları Arayik Arutyunyan, Arkadi Qukasyan, Bako Saakyan, Davit İşxanyan, David Babayan, Levon Mnatsakanyan və digərlərinin barəsində olan cinayət işləri üzrə açıq məhkəmə prosesinin baxış iclası oktyabrın 27-də davam etdirilib.
1xeber.media AZƏRTAC-a istinadla xəbər verir ki, Bakı Hərbi Məhkəməsində hakimlər Zeynal Ağayevin sədrliyi ilə, Camal Ramazanovdan və Anar Rzayevdən ibarət tərkibdə (ehtiyat hakim Günel Səmədova) keçirilən məhkəmə iclasında təqsirləndirilən şəxslərin hər biri bildikləri dildə tərcüməçi, həmçinin müdafiələri üçün vəkillərlə təmin olunub.
İclasda təqsirləndirilən şəxslər, onların müdafiəçiləri, zərərçəkmiş şəxslərin bir qismi, onların hüquqi varisləri və nümayəndələri, həmçinin dövlət ittihamını müdafiə edən prokurorlar iştirak ediblər.
Məhkəmə iclasında zərərçəkmiş şəxslərin və zərərçəkmiş şəxslərin hüquqi varislərinin ifadələri elan olunub.
Zərərçəkmiş şəxs - "Azəravtoyol" Açıq Səhmdar Cəmiyyətinin 1 saylı yol-nəqliyyat idarəsinin sürücüsü Nadir Bədir oğlu Seyidov ifadəsində göstərib ki, idarə etdiyi ekskavator 2021-ci il noyabrın 19-da Zəngilan rayonu ərazisində düşmənin basdırdığı minaya düşüb. Partlayış nəticəsində o və yanında olan Renad Ağababayev xəsarət alıblar.
Zərərçəkmiş şəxs Bəykişi Musa oğlu Zeynalovun elan olunan ifadəsinə əsasən, 2020-ci il sentyabrın 27-də Ağdamın Qaradağlı kəndində yaşadığı evə Ermənistan silahlı qüvvələrinin atdığı mərminin düşməsi nəticəsində müxtəlif bədən xəsarətləri alıb, evi əşyalarla birlikdə yararsız hala düşüb.
Elan edilən ifadələrə əsasən, zərərçəkmiş Mehman Fikrət oğlu Həsənov 2023-cü il sentyabrın 19-da Ağdam rayonunun Mollalar kəndi ərazisində düşmənin atdığı mərminin, zərərçəkmiş şəxs Hüseyn Mahir oğlu Quliyev eyni tarixdə Ağdərə rayonunun Canyataq kəndi ərazisinə atılan mərminin partlaması, İmran Elman oğlu Həsənli isə həmin il sentyabrın 20-də Ağdərə rayonu istiqamətinə açılmış atəşlər nəticəsində bədən xəsarətləri alıblar.
Elan olunan digər ifadələrə görə, zərərçəkmiş şəxs Samir Vaqif oğlu Fərzəliyevin hüquqi varisi Siyafər Əli qızı Fərzəliyeva övladının 2020-ci il sentyabrın 27-də, zərərçəkmiş şəxs Mirrəhim Mirmehdi oğlu İsmayılovun hüquqi varisi Mirmehdi İsmayıl oğlu İsmayılov isə övladının həmin il oktyabrın 2-də Tərtər rayonunun Suqovuşan kəndi istiqamətində həlak olduqlarını bildiriblər.
Zərərçəkmiş Tevon Tağıyevin ifadəsində qeyd edilib ki, Ermənistan silahlı qüvvələrinin 1992-ci il fevralın 16-da yaşadığı Xocavənd rayonunun Qaradağlı kəndinə hücumu zamanı onu, digər kənd sakinlərini və hərbçiləri girov və əsir götürüblər. Ermənistan hərbçiləri onları Xankəndi istiqamətində aparıblar. O, Kamonu, Samveli və Abonu tanıyıb. Ermənistan hərbçiləri yolda Şahmurad Hüseynovu, Həbib Hüseynovu və Zahid Xəlilovu öldürüblər. Xankəndidə saxlanıldıqdan sonra Vartan Balayan onunla birlikdə 12 nəfəri Xocavəndə gətirib. Onlar dəyişdirilən günədək Xocavənddə saxlanılıblar. Xocavənddə olduqları müddətdə Ermənistan hərbçiləri onlara işgəncələr veriblər. Oğlu Telman Tağıyev Qaradağlı kəndində Ermənistan hərbçiləri tərəfindən öldürülüb, meyitini götürə bilməyib.
Babək Həsən oğlu İlyasovun ifadəsində vurğulanıb ki, o, 1993-cü il martın 31-də Kəlbəcər rayonunda "Tunel" adlanan ərazidə Ermənistan ordusunun hərbçiləri tərəfindən girov götürülərək, Xankəndi Şəhər Uşaq Xəstəxanasında saxlanılıb. Sonra həmin il iyunun 13-də girovluqdan azad olunub. Girov götürülərkən sağ gözündən yaralansa da, ona heç bir tibbi yardım göstərilməyib. Nəticədə bir gözünün görmə qabiliyyəti tamamilə itib. Həmin vaxt babası Aslan Mirzəyev və anası Afət Mirzəyeva vəhşicəsinə qətlə yetiriliblər.
Zərərçəkmiş Faik Səlim oğlu Bayramov ifadəsində göstərib ki, 1993-cü il iyunun 16-da Ağdam rayonunun Yetim Cinli kəndinin yaxınlığında yerləşən gölün kənarında Ermənistan hərbçiləri tərəfindən 12 nəfərlə birlikdə əsir götürülüb. Bir həftə Ağdam rayonunda, sonra Şuşa şəhərində yerləşən həbsxanada saxlanılıblar və ağır işgəncələrə məruz qalıblar. Ermənistan hərbçiləri yumruq-təpik, taxta parçaları ilə onu möhkəm döyməklə burnunu və dişlərini sındırıb, ac-susuz saxlayıblar.
İfadəsi elan olunan Asif Sakit oğlu İsmayılov qeyd edib ki, 1994-cü il aprelin 19-da Ağdamın İlxıçılar kəndi istiqamətində əsir götürülüb. Ermənistan hərbçiləri onu yaralı vəziyyətdə tankın üzərinə qoyub tanımadığı istiqamətdə aparıblar. Tankın üzəri onun bədənindən axan qana bulaşdığı üçün onu döyüb, işgəncə veriblər. Bundan başqa, Ermənistan hərbçiləri silahın qundağı ilə vuraraq onun burnunu qırıblar. Onu və digər əsirləri Şuşa həbsxanasına aparıb 1994-cü ilin sonlarından 1995-ci ilin əvvəllərinədək soyuq, qaranlıq kameralarda saxlayıblar. Orada erməni nəzarətçilər onu və digər əsirləri vəhşicəsinə döyüb, işgəncələr veriblər. Həmin nəzarətçilərdən Arturun, Manvelin, Samvelin, Vanyanın və Jirikin adlarını xatırlayır.
Zərərçəkmiş Şövqi Xəqani oğlu Əliyev ifadəsində bildirib ki, Ermənistan silahlı qüvvələrinin hərbçilərinin Ağdam rayonuna hücumu zamanı qardaşı Nicat Əliyev və ana babası Oktay Əliyev öldürülüb, özü, atası Xəqani Əliyev, anası Könül Əliyeva və nənəsi Zənifə Əliyeva yaralı vəziyyətdə girov götürülüblər. Girov götürüldükdən sonra Xankəndi Şəhər Uşaq Xəstəxanasında erməni həkimlər tərəfindən müalicə olunmaq əvəzinə, bazu sümüyü əzələ qatı ilə birlikdə transplantasiya məqsədilə çıxarılıb, nəticədə ömürlük şikəst olub.
Elman Qəhrəman oğlu Hacıyev ifadəsində diqqətə çatdırıb ki, 1993-cü il sentyabrın 25-də Murov dağı yaxınlığında Ermənistan silahlı qüvvələrinin hərbçiləri tərəfindən əsir götürülüb, vəhşicəsinə döyülüb. Sonra yük avtomobili ilə Kəlbəcərin Yanşaq kəndinə aparılıb, həmin kənddə yerləşən hərbi hissədə sorğu-sual olunub. Suallara verdiyi cavabları qəbul etmədikləri üçün onu huşunu itirənədək döyüblər. Həmin hərbi hissədə bir müddət qaldıqdan sonra Ağdərə rayonuna aparılıb və Yaşa adlı erməninin evinin zirzəmisinə salınıb. Həmin yerdə də saxlanıldığı müddətdə ağır işgəncələrə məruz qalıb. 1994-cü ilin təxminən aprel ayında bir neçə azərbaycanlı əsirlə birlikdə onu Şuşa həbsxanasına aparıblar. Orada da mütəmadi olaraq vəhşicəsinə döyülüb. 1994-cü ilin təxminən iyul ayında onu adlarını xatırlamadığı bir neçə azərbaycanlı əsirlə birlikdə Xankəndi şəhərinə gətiriblər. O, 1994-cü ilin təxminən oktyabr ayınadək orada qalıb. Sonra Xocavənd rayonunun Ağbulaq kəndinə aparılıb və 1995-ci ilin təxminən dekabr ayınadək həmin kənddə tanımadığı erməninin yaşadığı evdə əl-qolları bağlı saxlanılıb. 1995-ci ilin sonlarında Şuşa həbsxanasına, 1996-cı ilin mart ayının ortalarında Xankəndi şəhərində yerləşən xüsusi rejimli təcridxanaya aparılıb. Bu müddətdə Ağbulaq kəndində adlarını xatırlamadığı azərbaycanlı əsirlərlə Samvel Babayan və onun qardaşı Karo Babayan üçün ev tikintisində fəhlə işlərinə cəlb olunub. Orada olduğu müddətdə Lyova, Lyoşa kimi çağırılan Lüdvik, Mayıs, Andrey, Karen, Vova və Qarik adlı şəxslər mütəmadi olaraq onu vəhşicəsinə döyüblər.
Təbriz Əjdər oğlu Kərimov, Vüsal Mirzəli oğlu Səfərli və digərləri isə ifadələrində 2020-ci ilin iyulunda baş verən, Azərbaycanın Milli qəhrəmanları - general-mayor Polad Həşimov və polkovnik İlqar Mirzəyevin də həlak olduqları Tovuz döyüşlərində xəsarət aldıqlarını bildiriblər.
Sonra məhkəmədə müdafiə tərəfinin təqdim etdiyi sübutlar tədqiq olunub.
Belə ki, tədqiq olunan sənədlərdən bir neçəsini təqsirləndirilən Arayik Arutyunyanın hüquqlarını müdafiə edən vəkillər - Cavid Rzazadə və Anar Məmmədov təqdim etmişdi. Sənədlər Arayik Arutyunyanın doğum haqqında şəhadətnaməsinin, Ermənistan Respublikası pasportunun surətləri, həmçinin təhsil almasına dair arayış idi.
Bundan başqa, A.Arutyunyanın müdafiəçilərinin vəsatəti əsasında cinayət işi materiallarında olan istintaq eksperimentinin protokolu və AZƏRTAC-ın rəsmi saytında dərc olunmuş məqalə elan edilib.
Arayışda göstərilir ki, Arayik Arutyunyan 1990-cı ildə İrəvan Xalq Təsərrüfatı, indiki Ermənistan Dövlət İqtisadiyyat Universitetinin Planlı iqtisadiyyat fakültəsinin gündüz şöbəsinə qəbul olub. 1993-cü ildə Xankəndidə yerləşən "Universitetə" köçürülməsi ilə əlaqədar həmin institutdan azad edilib.
Məhkəmədə tədqiq olunan, Arayik Arutyunyanın pasportunun surəti ilə bağlı təqsirləndirilən şəxs öz müdafiəçisinin sualını cavablandırarkən deyib ki, qondarma rejimin "ərazisi"ndə yaşayanlara Ermənistan pasportları "070" kodu ilə verilirdi. Bu pasportların Ermənistan Respublikasının vətəndaşlarına verilən pasportlardan fərqi onda idi ki, qeyd olunan pasport koduna malik şəxslər Ermənistanda keçirilən seçkilərdə iştirak edə, o cümlədən səs verə bilməzdilər. Buna baxmayaraq, pasport kodu "070" olan hər kəsin Ermənistan vətəndaşı kimi xarici ölkələrdə turizm, təhsil, səhiyyə və digər məqsədlərlə səyahət etmək hüququ var idi.
Dövlət ittihamçısı Vüsal Abdullayevin təqsirləndirilən şəxsin doğum haqqında şəhadətnaməsində anadan olduğu yerin Azərbaycan SSR-in Xankəndi şəhəri, pasportunda isə Ermənistan SSR qeyd olunması ilə bağlı "Bu, Ermənistanın Qarabağı öz ərazisi kimi sayması demək deyilmi" sualına təqsirləndirilən şəxs cavab verməkdən yayınaraq deyib ki, bu məsələni heç vaxt Ermənistanın aidiyyəti orqanları ilə müzakirə etməyib, həmçinin bu məsələ heç vaxt müzakirə mövzusu olmayıb.
Dövlət ittihamçısı təqsirləndirilən Arayik Arutyunyanın sıravi şəxs olmadığını xatırladaraq, suala mahiyyəti üzrə konkret cavab vermədiyini bildirib və əlavə edib: "Cavab vermək istəmirsinizsə, bu, sizin hüququnuzdur".
Məhkəmə prosesi oktyabrın 30-da davam etdiriləcək.
1xeber.media xəbər verir ki, oktyabrın 27-də keçirilən məhkəmə iclasında üzrlü səbəbdən iştirak edə bilməyən, bununla bağlı məhkəməyə müraciət etmiş zərərçəkmiş şəxslərin və zərərçəkmiş şəxslərin hüquqi varislərinin ifadələri elan olunub.
Zərərçəkmiş şəxs - "Azəravtoyol" Açıq Səhmdar Cəmiyyətinin 1 saylı yol-nəqliyyat idarəsində müqavilə əsasında işləyən sürücü Seyidov Nadir Bədir oğlu ifadəsində göstərib ki, idarə etdiyi ekskavator 2021-ci il noyabrın 19-da Zəngilan rayonu ərazisində düşmənin basdırdığı minaya düşüb. Partlayış nəticəsində o və Renad Ağababayev xəsarət alıblar.
Zərərçəkmiş şəxs Zeynalov Bəykişi Musa oğlunun elan olunan ifadəsinə əsasən, 2020-ci il sentyabrın 27-də Ağdamın Qaradağlı kəndində Ermənistan silahlı qüvvələrinin atdığı mərmi düşməsi nəticəsində yaşadığı evdə bədən xəsarətləri alıb, evi əşyalarla birlikdə yararsız hala düşüb.
Növbəti ifadələrdə qeyd olunub ki, zərərçəkmiş şəxs Həsənov Mehman Fikrət oğlu 2023-cü il sentyabrın 19-da Ağdam rayonunun Mollalar kəndi ərazisində düşmənin atdığı mərminin, zərərçəkmiş şəxs Quliyev Hüseyn Mahir oğlu eyni tarixdə Ağdərə rayonunun Canyataq kəndi ərazisinə atılan mərminin partlaması, Həsənli İmran Elman oğlu isə həmin il sentyabrın 20-də Ağdərə rayonu istiqamətinə açılmış atəş nəticəsində bədən xəsarətləri alıblar.
Elan olunan digər ifadələrə əsasən, zərərçəkmiş şəxs Fərzəliyev Samir Vaqif oğlunun hüquqi varisi Fərzəliyeva Siyafər Əli qızı övladının 2020-ci il sentyabrın 27-də, zərərçəkmiş şəxs İsmayılov Mirrəhim Mirmehdi oğlunun hüquqi varisi İsmayılov Mirmehdi İsmayıl oğlu isə övladının həmin il oktyabrın 2-də Tərtər rayonunun Suqovuşan kəndi istiqamətində həlak olduqlarını bildiriblər.
Qeyd edək ki, Ermənistanın hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşlarının məhkəməsi davam etdirilir.
















