Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova UNESCO-nun jurnalistlərin təhlükəsizliyi ilə bağlı hesabatını tənqid edib.
1xeber.media xəbər verir ki, o, Telegram kanalında yayımladığı açıqlamada hesabatda məlumatların təhrif edildiyini və sənədin jurnalistlərin təhlükəsizliyi ilə bağlı real vəziyyəti əks etdirmədiyini iddia edib.
Zaxarovanın sözlərinə görə, UNESCO-nun hazırkı baş direktorunun rəhbərliyi ilə hazırlanan hesabat əvvəlki dövrdən qalan məlumat təhriflərini də özündə saxlayıb.
Rusiya XİN nümayəndəsi bildirib ki, sənədə “İzvestiya” nəşrinin hərbi müxbirləri Semyon Yeremin və Aleksandr Martemyanov daxil edilməyib.
Zaxarova bunu UNESCO-nun keçmiş baş direktoru Odri Azulenin Ukrayna tərəfinin törətdiyini iddia etdiyi terror aktlarını pisləmək istəməməsi ilə əlaqələndirib.
Qeyd edək ki, UNESCO jurnalistlərin təhlükəsizliyi, media nümayəndələrinə qarşı zorakılıq halları və ifadə azadlığının qorunması ilə bağlı mütəmadi hesabatlar dərc edir. Zaxarovanın irəli sürdüyü ittihamlar Rusiya tərəfinin mövqeyini əks etdirir.
















