Son zamanlar Azərbaycan yenidən qonşularının hədəfinə gəlib. İran və Rusiya ilə gərgin münasibətlər pik həddə çatıb. Sanki hər iki ölkə sinxron şəkildə Azərbaycana qarşı hərəkət edir.
İran və Rusiyadan üzərimizə gələn hücum dalğasını necə neytrallaşdıracağıq? Bu vəziyyət Azərbaycana, milli təhülkəsizliyimizə nə vəd edir?
AMEA Qafqazşünaslıq İnstitutunun şöbə müdiri, siyasi şərhçi Elnur Kəlbizadə deyib ki, Azərbaycan Respublikası qonşu dövlətlərlə hər zaman mehriban münasibətlərin qurulmasından, əməkdaşlıqdan yana olub:
“Həm İrana, həm də Rusiya Federasiyasına qarşı beynəlxalq təzyiqlərin artdığı dövrlərdə belə obyektiv mövqe tutub. Beynəlxalq hüquq normaları ilə yanaşı tarixi dövlətçilik ənənələrimizdən irəli gələn prinsipləri əsas götürüb, qonşuluq haqqını nəzərə alıb. Amma bütün bunlar heç də Azərbaycana qarşı haqsız davranışlara boyun əyəcəyimiz anlamına gəlməməlidir.
Ötən ilin sonunda baş verən hadisələr fonunda gərginlik yaranıb. Fakt ondan ibarətdir ki, həmin gərginliklərin səbəbkarı Azərbaycan deyil. Rusiya ilə bağlı məsələnin diplomatik yollarla həll edilə biləcəyi qənaətindəyəm. İranla bağlı vəziyyət isə bir az fərqlidir. Məlumdur ki, İranda islahatçı və azərbaycanlı Məsud Pezeşkiyan prezidentdir. İndiyə qədərki davranışlarının analizi onu deməyə əsas verir ki, Pezeşkiyan mühafizəkarlar tərəfindən yol verilmiş səhvləri düzəltmək niyyətindədir. Onun Azərbaycan, ümumilikdə türk dövlətləri ilə münasibətlərə dair öz baxışları vardır”.
Elnur Kəlbizadənin sözlərinə görə, İran daxilindəki mühafizəkar siyasi qüvvələr prosesə mənfi yöndən təsir göstərməyə çalışırlar:
“Onların mövqeyi dini-klerikal elita arasında, parlamentdə kifayət qədər güclüdür. Nəinki Azərbaycanla, ölkənin daxili siyasəti, iqtisadi islahatlarla bağlı da hazırda İranda fikir ayrılıqları görünür. Hətta prezidentin özü də bu məsələni çıxışlarında açıq şəkildə dilə gətirib.
Bu baxımdan hesab edirəm ki, Azərbaycan müxtəlif mərasimlərdə ölkəmizə qarşı sözün əsl mənasında yol verilmiş tərbiyəsizliklərin cavabını diplomatik yollarla verməli idi və verdi. Qarşı tərəf də müəyyən mənada bunun yolverilməz olduğunu etiraf etdi. Hazırda hakimiyyətdə olan islahatçılar bunun mühafizəkarlar tərəfindən hazırlanmış təxribatın bir hissəsi olduğunun da fərqindədir. Ümid edək ki, İran bir dövlət olduğunu nümayiş etdirəcək, Azərbaycana qarşı müxtəlif təxribatlara yol vermiş şəxslər bu və ya digər şəkildə cəzalandırılacaqlar. Azərbaycan isə öz yoluna davam etməlidir. Biz güclənirik. Gücləndikcə təzyiqlərin də böyüməsi normaldır. Məşhur bir kəlamda deyildiyi kimi, “əvvəlcə sizə güləcəklər, sonra sizi daşlayacaqlar, sonda isə sizi qəbul edəcəklər”. Vaxtilə bizə “ermənilərlə bacara bilmirsiniz” deyib, gülürdülər, biz nəinki Ermənistanla, onun arxasında duran havadarlarla da bacara biləcəyimizi göstərdik, indi bir müddətdir bizi “daşlayırlar”, demək ki, bizimlə razılaşacaqları, bizim üstünlüyümüzü qəbul edəcəkləri zaman uzaqda deyil”.
Globalinfo.az