Dekabrın 25-də AZAL-a məxsus təyyarənin Rusiyaya aid “Pantsir” raketi ilə vurulması nəticəsində baş verən faciədən sonra Bakı-Moskva münasibətlərində yaranan gərginlik davam edir.
Rusiya Prezidenti Vladimir Putin hadisənin bu ölkənin hava məkanında baş verməsinə görə üzr istəsə də, Bakının digər şərtləri olan günahkarların tapılıb cəzalandırılması və kompensasiya məsələsinə hələ də aydınlıq gətirilməyib. Kremlin bir müddətdir susması və məsələyə heç bir münasibət bildirməməsi diqqət çəkir.
Bir çox ekspertlərin fikrincə, rəsmi Bakı vaxtında Qarabağ problemini bitirib Rusiya sülhməramlılarının ölkə ərazisini tərk etməsini təmin etməsəydi, hazırda Moskvanın təzyiq imkanları çox olardı.
Rusiya sülhməramlıları hələ də Azərbaycanda qalsaydı, hazırkı gərginlik fonunda Moskva necə addım atardı?
Politoloq Züriyə Qarayeva deyib ki, Rusiyanın Cənubi Qafqazla bağlı planları qüvvədən düşməyib:
“Bu bölgədə dayaqların möhkəmləndirilməsi üçün mümkün olan bütün variantlar sınanıb. Azərbaycan baxımından vəziyyəti fərqli edən yeganə nüans ondan ibarətdir ki, ölkəmiz əvvəlki illərdəki kimi deyil. Siyasi, iqtisadi, hərbi və strateji imkanları ən yüksək həddə çatdırmağı bacarıb. İttifaqlaşma prosesini tamamilə doğru yöndə qurub.
Bölgədə güclü Azərbaycan və Türkiyə tandemi Rusiya daxil olmaqla bütün təhlükələrin öhdəsindən gəlmək iqtidarındadır. Elə bu tandem bəzi qüvvələri açıq deyil, qurşaqdan aşağı mübarizəyə vadar edir. Qısacası, rus “sülhməramlı” qüvvələrinin Azərbaycanda olub-olmaması amili bu siyasəti və pərdəarxasında mövcud olanları dəyişmir”.
Globalinfo.az