Qarşıdakı hədəflərim Qran-pri və "Böyük Dəbilqə" turnirlərində yüksək nəticələr əldə etməkdir. Olimpiya və dünya çempionluğunu da arzulayıram. Lakin hələlik tezdir.
Bunu 1xeber.media açıqlamasında Belçikanın Vise şəhərində keçirilmiş açıq cüdo turnirində qızıl medal qazanan Azərbaycan təmsilçisi Elşən Əsədov (66 kq) deyib.
22 yaşlı idmançı qələbəsini Vətən müharibəsi şəhidi Cavid İbrahimliyə həsr etdiyini bildirib:
"Yarış gərgin mübarizə şəraitində keçdi. Təşkilatçılıq da yüksək səviyyədə idi. Bu turnirdən əvvəl Avstriyada təlim-məşq toplanışında olmuşuq. Özümü çox hazır hiss edirdim. Məqsədimiz medal əyarına görə komanda hesabında da birinci olmaq idi. Amma ikinci yeri tutduq. Növbəti il birinci olacağımıza inanıram".
E.Əsədov beynəlxalq yarışlarda ilk medalını qazandığını söyləyib:
"Çıxış etdiyim çəkidə Azərbaycanda rəqabət çox böyükdür. Özümdə perspektiv görürəm və elit idmançıların arasında ola bilərəm".
Qeyd edək ki, Azərbaycanın kişi cüdoçuları Belçikada keçirilmiş turnirdə 6 medal əldə ediblər.