Külli miqdarda rüşvət alma və digər cinayət əməllərində ittiham olunan Fransanın “SAUR” şirkətinin vitse-prezidenti Anass Derrazın barəsində Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) başlanılmış cinayət işi üzrə məhkəmənin növbəti prosesi keçirilib.
1xeber.media unikal.-a istinadən məlumatına görə Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Fərid Namazovun sədrliyi ilə keçirilən prosesdə iş adamı Fərhad Məmmədovun nümayəndəsi məhkəməyə müraciət edərək ailəsi ilə əlaqədar məsələlərə görə onun məhkəmədə iştirak edə bilməyəcəyini bildirib.
Prosesin davamında sənədlərdə şahid kimi göstərilən Tural Bayramovun ifadəsi elan olunub. İfadədə o, Anass Derrazı ərəb turist kimi tanıdığını bildirib:
"Mən turistləri Bakıya gətirib aparmaqla məşğul olurdum. 2024-cü il 14 iyul tarixində Cavid adlı tanışım mənə zəng edib ərəb kimi tanıtdığı Anass Derrazı hoteldən götürüb hava limanına aparmağımı söylədi. Mən ərəb dilini bildiyim üçün o, bunu xahiş edirdi. Hotelə gəlib Anass Derrazla tanış olduqdan sonra sonuncu mənə dedi ki, onun ölkəyə çıxışına qadağa qoyulub. Buna görə məndən kömək istəyir. Adətən turistlər gecikəndə ölkədən çıxışlarına qadağa qoyulur deyə düşündüm ki, aeroportda çalışan dostumdan kömək istəyim. Anass Derrazın məlumatlarını ona verdim. Həmin şəxs kömək edə bilməyəcəyini, çünki məsələnin DTX ilə əlaqəli olduğunu dedi".
Anass Derraz elan olunmuş ifadə ilə razılaşıb.
Daha sonra Anass Derrazın qardaşının Fransa səfirliyinə müraciəti elan olunub. Belə ki, o qardaşı ilə əlaqə saxlaya bilmədiyini bildirib. Səfirlik öz növbəsində Xarici İşlər Nazirliyinə zəng edib və onlar da A.Derrazın barəsində cinayət işi açılması barədə məlumatı DTX-dən alaraq səfirliyə bildiriblər.
Sənədlərin tədqiqi başa çatıb və Fərhad Əhmədovun dindirilməsi üçün növbəti proses 16 oktyabr tarixinə təyin olunub..
Qeyd edək ki, ittihama görə, DTX tərəfindən istintaqı aparılan cinayət işi üzrə Fransa Prezidentinin Mühafizə Xidmətinin sabiq rəhbəri Aleksandr Benalla və Fransanın milyardlarla dövriyyəsi olan “SAUR” şirkətinin vitse-prezidenti Anass Derraz 2018-ci ildə Azərbaycan əsilli rusiyalı milyarder Fərhad Əhmədovun aktivlərinə qarşı beynəlxalq sanksiyaların ləğvi müqabilində külli miqdarda rüşvət alma və digər cinayət əməllərində ittiham olunurlar.
Həmin iş üzrə əvvəllər xarici və yerli mətbuatda dərc edilmiş məqalələrdə qeyd edilir ki, Adıçəkilən şəxslər Fərhad Əhmədovdan rüşvət tələb ediblər və bunun müqabilində sonuncunun dəbdəbəli “Luna” yaxtasının beynəlxalq həbsdən azad ediləcəyini, özünün sanksiyalardan qorunacağını vəd ediblər.
Məlumatlara əsasən, F.Əhmədov milyonlarla dollarlıq rüşvətin bir hissəsini Anass Derrazın “AL HILAL BANK”-dakı hesabına və Aleksandr Benallanın “BANK OF AFRICA UNITED KINGDOM PLC SC PAR”-dakı hesabına köçürüb.
A.Derraz Azərbaycanda məsuliyyətə cəlb olunaraq ölkədən çıxışına qadağa qoyulub, A.Benallanın isə beynəlxalq axtarışa verilməsi ilə bağlı İNTERPOL-a müraciət olunub.
Anass Derraza AR Cinayət Məcəlləsinin 193-1.3.2 (cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma, xeyli miqdarda törədildikdə) və 32.5, 311.3.3 (rüşvət alma (passiv rüşvətxorluq) külli miqdarda törədildikdə) maddələri ilə ittiham elan olunub.
Onun barəsində başqa yerə getməmək qətimkan tədbiri seçilib.