Azərbaycanda sürücülük vəsiqələrinin verilməsi və dəyişdirilməsi ilə bağlı qaydalara edilən son dəyişikliklər sürücülər üçün yeni hüquqi tələblər müəyyənləşdirir. Dəyişikliklərə əsasən, elektron kabinetində mobil telefon nömrəsini qeyd etməyən şəxslərə elektron inzibati xəta haqqında qərarlar sürücülük vəsiqəsinin verilməsi və ya dəyişdirilməsi zamanı təqdim olunduğu andan rəsmi şəkildə çatdırılmış hesab ediləcək. Bu yenilik elektron xidmətlərin tətbiqinin genişləndirilməsi və inzibati prosedurların təkmilləşdirilməsi məqsədi daşıyır.
Bu barədə Müstəqil Nəqliyyatçılar İctimai Birliyinin sədri, ekspert Ərşad Hüseynov 1xeber.media-ya açıqlamasında qeyd edib ki, bu qanunvericiliyin əsas məzmununu və ya tətbiq mexanizmini dəyişmir:
“Burada söhbət yalnız maddələrin sırasının, nömrələnməsinin və ya rəqəmsal təsnifatının yenilənməsindən gedir. Bu cür dəyişikliklər qanunvericilik texnikası baxımından mütəmadi olaraq həyata keçirilən standart prosedurlardır. Media resurslarında və sosial şəbəkələrdə mövzunun sensasiya kimi təqdim olunması isə real hüquqi zərurətdən daha çox gündəm yaratmaq məqsədi daşıyır. Dəyişikliyin mahiyyətinə varmadan edilən bu cür təqdimatlar sadəcə lazımsız informasiya küyü yaradır. Yekun olaraq qeyd etmək olar ki, qəbul edilən redaktələr heç bir praktiki yenilik və ya prinsipial fərq gətirmir. Proses tamamilə texniki xarakter daşıyır və mövcud hüquqi tənzimləmələrə mahiyyət etibarilə heç bir təsir göstərmir”.
Aysel

















