ABŞ ilə İran arasında yenidən yüksələn hərbi-siyasi gərginlik qlobal maliyyə bazarlarında risk iştahasını azaldıb. Geosiyasi qeyri-müəyyənliyin dərinləşməsi fonunda investorlar vəsaitlərini ənənəvi olaraq etibarlı aktiv sayılan qızıla yönəldirlər. Yaxın Şərqdə vəziyyətin daha da gərginləşməsi qiymətli metalın qiymətinə birbaşa təsir göstərə və dünya bazarlarında yeni qiymət dalğalanmalarına səbəb ola bilər.
1xeber.media-ya bu barədə açıqlama verən iqtisadçı Xalid Kərimli bildirib ki, İran-ABŞ arasında mümkün hərbi qarşıdurma qızılın qiymətini birbaşa artıran amil deyil:
“Əksinə, belə bir münaqişənin enerji bazarına, xüsusilə də neft qiymətlərinə təsiri qızılın ucuzlaşmasına səbəb ola bilər. Müharibənin şiddətlənməsi neftin bahalaşmasına gətirib çıxarsa, bu da qlobal inflyasiyanın yüksəlməsinə səbəb olacaq. Qlobal inflyasiya artdıqca investorların dividend gətirməyən aktivlərə, o cümlədən qızıla marağı azalır. Nəticədə qızılın qiymətində eniş müşahidə olunur. Əslində, ilin əvvəlindən etibarən qızılın qiymətində müşahidə olunan azalma da məhz bu amillərlə əlaqələndirilə bilər. Müharibənin daha da genişlənməsi və bunun fonunda neft qiymətlərinin yüksəlməsi qızılın qiymətinin gələcəkdə də aşağı düşməsi ehtimalını artırır”.
O deyib ki, birinci və ikinci əl qızıl bazarı arasında isə qiymət baxımından ciddi fərq yoxdur:
“Hər iki bazarda qiymət formalaşması eyni prinsiplərə əsaslanır. Qızılın dəyəri istifadə olunduğuna görə itmir. Buna görə də istər birinci əl, istərsə də ikinci əl qızıl olsun, əsas müəyyənedici amil dünya bazarlarında qızılın cari qiymətidir. Yəni qızılın qiymətinə təsir edən əsas faktor müharibənin özü deyil, müharibənin enerji bazarında yaratdığı bahalaşma və bunun nəticəsində yaranan inflyasiya təzyiqidir”.
Aysel
















