10 il öncəydi, yolum İsveçə, qohumların yanına düşmüşdü. Bir gün keçmiş əməkdaşımız Rahib Kazımlı ilə onun oğlunun məşq etdiyi idman zalına getdik. İdman zalı əslən İrandan olan karate ustasına məxsus idi. Reza Mohseni adlı bu şəxs vaxtilə İsveçin karate üzrə millisi komandasının kapitanı, sonra isə baş məşqçisi olmuşdu. Rahib məni onunla tanış etdi, dedi, qohumdur, jurnalistdir, Azərbaycandan gəlib.
Reza bəy fars əsilli idi və bizim dili ya bilmirdi, ya da az bilirdi. Rahiblə o İsveç dilində danışırdılar. Azərbaycan adı eşidəndə Reza dedi: “Ooo, Azərbaycan! Rafael!”
Sonra o, karateçi Rafaeli çox təriflədi, onu “brilliant” adlandırdı, dedi ki, dünya karatesində onun kimi möhtəşəm döyüşçü yoxdur.
Belə anlaşıldı ki, Reza Rafael Ağayevlə tanışdır, dünyanın bir çox ölkələrində keçirilən yarışmalarda rastlaşıblar və böyük ehtimalla Rafael onun təmsil etdiyi ölkənin idmançıları ilə yarışıb və belə təxmin edirəm ki, onlara qalib gəlib.
Başqa cür ola bilməzdi. Adam 5 qat dünya, 11 qat Avropa çempionudursa, söz yox ki, tatamiyə çıxan rəqiblərinin əksəriyyətini məğlub edib.
Mən ona qədər Rafael Ağayevi tanıyırdım. Onun ləqəbinin “Brilliant” olduğunu da bilirdim. Amma bu sözü dünyanın o başında bir əcnəbi məşqçidən eşidəndə əmin oldum ki, bunu biz uydurmamışıq. İsveçli məşqçi həmyerlimizi mənə o cür tərifləyəndə, açığı, qürur duydum. Kim olsa, fəxr edərdi.
Sonra bir dəfə “Qarabağ”ın oyununa stadionda Rafael oturduğum skamyanın önündən keçdi, söhbət etmək imkanımız olmadı. Həmin gün onun xarakterindəki bir ştrixi də sezdim. Ya idmançı tanışıydı, ya məhəllə uşağıydı, kimsə tanışlarından biri arxa cərgədən ərkyana şəkildə onunla zarafat etdi (məzələndi də demək olar), Rafael təvazökarcasına gülümsədi, heç nə demədi. Başqa adam olsa, üzünü turşudardı ki, bura o cür zarafatların yeri deyil.
İndi saytlarda oxuyuram ki, dünya karateçiləri camiəsində xüsusi hörmət sahibi olan Rafael heç bir işlə məşğul olmadığlnı, hər şeyi Allahın ümidinə buraxdığını deyir.
Belə ədalət varmı? Adam azı 16 dəfə Azərbaycanın bayrağını yüksəklərə qaldırdıb, dünyanın dörd bir tərəfində əcnəbilərə himnimizi dinlətdirib, Avropada və dünyada ölkəmizin haqqında müsbət rəy yaradıb, indi onun bütün bu xidmətləri bir dərman preparatına dəymirmi?
Rafaelin sağlamlığındakı problem kefdə-damaqda olduğu vaxt yaranmayıb, intensiv məşqlərdə, müntəzəm yarışlarda yaranıb. Adam Azərbaycan üçün sözün birbaşa mənasında canını qoyub, amma bu gün ona “sən bizi bezdirmisən” deyirlər.
Hələ bir baxaq, görək, onu bu sözü deyənlərin özləri Azərbaycan idmanı, ölkənin idman şərəfi üçün nə ediblər. Böyük ehtimalla onların ən ağır işi diyircəkli çamadanlarını sürüyə-sürüyə dünyanın ən yaxşı şəhərlərində keçirilən yarışlarda iştirak edən idmançıları müşayiət etmək olub. Günlərini gün ediblər, medal qazanan idmançılar hesabına çoxlu pul qazanıb, karyera qürublar, hələ narazı da qalırlar ki, Rafael çox danışır.
O başqa şey istəmir. Özü bu barədə belə deyib: “Mən onlara demədim ki, maşın alın, ev verin, zədəmi müalicə etdirmək istədim. Dedim ki, iynəni vurum ki, hambal kimi işləyim. Lakin Avropa Oyunlarında 150 min manat, İslam Oyunlarında 150 min manat, Olimpiya Oyunlarında 300 min manat qazananda dedilər ki, ortaya pul qoyun, hamıya həmin puldan verəcəyik. Bəs mən hazırlaşanda “hamı” harada idi?”.
Demək, indiyədək qazandığı çempionluqlardan, qızıl medallardan əldə etdiyi böyük pullar tam olaraq Rafaelə qalmayıb ki, bu gün o, maddi sıxıntı çəkir - ən azı lazımi preparatı (güman ki, çox bahalı) almaq üçün. Vaxtilə qazandığı pulları başqalarıyla bölüb, amma indi onun ağrı-acısını bölüşən yoxdur.
Hər halda çox ayıbdır. Belə idmançıların qayğısına qalmaq, onları idman sferasında elə bir mövqeyə gətirmək lazımdır ki, bilik və bacarıqlarını gənc nəsillərə ötürə bilsinlər, onları yaxşı hazırlaşdırsınlar.
Stokholmda karate məşqçisi Reza ilə söhbət edərkən məndə belə bir qənaət yaranmışdı ki, onlar Rafael kimi mütəxəssisi gündüz vaxtı çıraqla axtarırlar.
Gərək Rafael ölkədən başını götürüb getsin, ondan sonra ayılaq ki, kimi əldən buraxmışıq?
Xalid Kazımlı

















