Ulu Öndər Heydər Əliyevin siyasətində gənclər siyasəti hər zaman prioritet məsələ olub. Azərbaycanı gənclər ölkəsi, gəncləri isə Azərbaycanın gələcəyi adlandıran Ulu Öndər gənc nəslə qayğını əsirgəməyib. Ulu öndər Heydər Əliyev ikinci dəfə Azərbaycanda hakimiyyətə gəldikdən sonra da xüsusi diqqət yetirdiyi sahələrdən biri də gənclər siyasəti oldu. Çünki ümummilli liderimiz çox gözəl bilirdi ki, ölkəmizin gələcək inkişafı məhz gənclərdən asılıdır.
Bunu Trend-ə Milli Məclisin deputatı Afət Həsənova deyib.
Deputat bildirib ki, müstəqilliyimizin ilk dövründə ölkədə hökm sürən xaos, özbaşınalıq gənclərə də ciddi mənfi təsir göstərmişdi: “Azərbaycan gəncliyi və gələcəyi təhlükə altına düşmüşdü. Gənclər müxtəlif siyasi qüvvələr tərəfindən öz məkirli niyyətlərini həyata keçirmək üçün istifadə edilirdi, təhsildən kənarda qalır, vətənpərvər ruhda yetişdirilməsi üçün heç bir addım atılmırdı. Məhz ulu öndərin hakimiyyətə ikinci dəfə gəlişindən sonra gəncliyimiz də bu bəladan xilas oldu, dövlət gənclər siyasətinin əsası qoyuldu. 1994-cü ildə dövlət gənclər siyasətini icra edən Gənclər və İdman Nazirliyi yaradıldı. Eyni zamanda gənclərin təhsilinə xüsusi diqqət yetirildi. Ulu Öndər Heydər Əliyev 1993-cü ildə hakimiyyətə qayıtdıqdan sonra təhsilimizin ötən əsrin 70-80-ci illərində mövcud olmuş bir çox ənənələri kimi, xarici ölkələrə tələbələrin göndərilməsi ənənəsi də davam və inkişaf etdirildi. 2003-cü ildə dünyanın inkişaf etmiş 40-a yaxın ölkəsində 160-a qədər ixtisas üzrə 3000-dən artıq azərbaycanlı gənc təhsil alırdı”.
Deputat bildirib ki, Ümummilli Liderin gənclər forumunun təşkili ilə bağlı 1995-ci ildə irəli sürdüyü təşəbbüsdən sonra 1996-cı ildən Azərbaycan gənclərinin forumlarının keçirilməsinə başlanıldı: “1996-cı ilin 2 fevral tarixində məhz ulu öndər Heydər Əliyevin dəstəyi ilə gənclərin 1-ci forumu keçirilidi. 1997-ci ildən isə Prezident sərəncamı ilə 2 fevral Azərbaycanda Gənclər Günü kimi qeyd olunmağa başlandı”.
Azərbaycan gənclərinin vətənə sədaqət ruhunda tərbiyə edilməsi məsələsi Ulu Öndər Heydər Əliyevin azərbaycançılıq ideologiyasının mühüm istiqamətlərindən biridir. O, vurğulayırdı: “Azərbaycanın dövlət müstəqilliyi daimidir, əbədidir, dönməzdir, sarsılmazdır. Hər bir gənc Azərbaycanın dövlət müstəqilliyini möhkəmləndirmək, inkişaf etdirmək, yaşatmaq üçün çalışmalıdır və öz xidmətlərini göstərməlidir”, - deyə A.Həsənova qeyd edib.
O bildirib ki, Prezident İlham Əliyev ulu öndər Heydər Əliyevin siyasətini uğurla davam etdirərək gənclər siyasətini yeni müstəviyə çıxardı, gənclərin problemlərinin həlli, onların fərdi inkişaflarının təmin edilməsi istiqamətində yeni konsepsiyalar ortaya qoyuldu.
“Azərbaycan gənclərinin İnkişaf Strategiyası, Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramları, Gənclər Fondunun yaradılması və digər bu kimi tədbirlər gənclərimizin inkişafı və vətənpərvər ruhda yetişdirilməsi istiqamətində çox önəmli addımlar idi. Azərbaycanın gənclər siyasəti dünya miqyasında bir nümunəyə çevrilib. Cənab Prezident İlham Əliyevin apardığı məqsədyönlü siyasət nəticəsində Azərbaycanda vətənpərvər, Vətən yolunda daim canını belə qurban verməyə hazır olan gənc nəsil yetişib. Məhz bu gənc nəsil idi ki, 44 günlük Vətən müharibəsində tarixi Zəfərin əldə olunmasında misilsiz xidmətlər göstərdilər”, deyə A.Həsənova əlavə edib.