Prezident İlham Əliyevin “Azərbaycanın yeni rəqəmsal arxitekturası” adlı müşavirədəki çıxışı bir sıra aspektlərdən diqqət çəkib. Məsələn, ölkə rəhbəri bildirib ki, orta məktəblərdə şagirdlərə rəqəmsallaşma ilə bağlı ilkin biliklərin aşılanması üçün tədris proqramına müəyyən dəyişikliklər edilməlidir.
Bu baxımdan maraqlıdır, hansı dəyişikliklər gözlənilir?
1xeber.media xəbər verir ki, Globalinfo.az-a danışan Milli Məclisin elm və təhsil komitəsinin üzvü, deputat Ceyhun Məmmədov xatırladıb ki, Prezident sözügedən müşavirədə də hər zaman olduğu kimi mühüm mesajlar səsləndirdi və konkret tapşırıqlar verdi:
“Həmin tapşırıqlardan biri də süni intellektlə bağlı məlumatların təhsil proqramlarına daxil edilməsidir. Hazırda dünyada ciddi proseslər gedir və süni intellekt artıq həyatımızın ayrılmaz hissəsinə çevrilib. İnternetin, xüsusilə uşaqların və gənclərin psixoloji durumuna təsiri artmaqdadır. Bu baxımdan əsas hədəflərdən biri gənclərin davamlı şəkildə maarifləndirilməsi və onların inkişafına dəstək göstərilməsidir”.
Deputat qeyd edib ki, dərsliklərə yenidən baxılmalı, şagird və tələbələrə bu sahədə zəruri biliklər verilməlidir:
“Onların düzgün istiqamətdə məlumatlandırılması üçün müvafiq addımlar atılmalı və tədbirlər həyata keçirilməlidir. Dövlət başçısının vurğuladığı məsələ də məhz süni intellektlə bağlı biliklərin dərsliklərə daxil edilməsi və təlim-tədris prosesində bu texnologiyalardan səmərəli istifadənin təmin olunmasıdır”.

















