Məlum olduğu kimi, ali təhsilin bakalavriat səviyyəsi üzrə 7 yeni ixtisas – “Riyaziyyat və fizika müəllimliyi”, “Data analitikası”, “Kənd təsərrüfatı texnologiyaları”, “Heyvandarlıq”, “Qidalanma və diyetologiya”, “Proqram təminatı mühəndisliyi” və “Qida texnologiyaları” təsnifata əlavə olunub.
Globalinfo.az-a danışan təhsil məsələləri üzrə ekspert Sona Əliyeva deyib ki, təsnifata edilən yeni əlavələr müasir təhsil sisteminin inkişaf qanunauyğunluğuna cavab verəcək:
“Bu istiqamətdə ölkənin aparıcı təhsil mütəxəssisləri ilə birgə iş qurulmalı, gənc və orta yaşlı mütəxəssislərin fikirləri öyrənilməlidir. Komplektləşdirmənin hər zaman müsbət və mənfi təsirləri nəzərə çarpır, bu, keçid mərhələsi üçün normal haldır. Fikrimcə, bu istiqamətdə təhsil sahəsində modelləşmə prosedurlarını başa çatdırmış ölkələrin təcrübələri də öyrənilməlidir.
Hesab edirəm ki, bütün bunlarla yanaşı, dünya təhsil sisteminə innovativ yenilikləri ilə öz möhürünü vurmuş fin və yapon təhsil sisteminin üstünlüklərindən də bəhrələnmək lazımdır. Təsnifata əlavələr uzunmüddətli perspektivdə öz effektivliyini göstərə bilər. Amma yeniliklər və yeni yanaşmaların tətbiqi paralel şəkildə aparılmalıdır. Çağırışlara cavab verən islahatlarda əsas uğur subyekti öyrədənlər və onların innovativ praktikalarıdır. Sürətlə inkişaf edən innovasiya modelləri bunu tələb edir. Qeyd olunan ixtisasların demək olar ki, hamısı gələcək zamanın ixtisaslarıdır. Yanaşmaların tətbiqinin interaktivliyi uğur gətirəcək”.
Təhsil məsələləri üzrə ekspert Elmin Nuri isə məsələyə belə münasibət bildirib:
“Bu barədə istər sosial şəbəkələrdə, istərsə də media resursları üzərindən münasibət bildirərkən qərara çox müsbət yanaşmış və təqdir etmişik. Yeni ixtisasların hər birini əmək bazarının tələbləri, istehsalatdakı mövqeyi baxımından yüksək dəyərləndirmişik. Həqiqətən də yeni yaradılan 7 ixtisasın hər biri həm indi, həm də gələcəkdə əmək bazarının vazkeçilməzlərindən olacaq.
Lakin 7 yeni ixtisasın tədrisi üçün kadr problemi var və bu, tədris prosesində özünü daha qabarıq əks etdirəcək. Xüsusən də Data analitika ixtisasının tədrisində bunu daha çox görə biləcəyik. Bu detal xüsusi incələnməli, bazardakı kadr potensialı hesablanmalıdır. Əvvəlcə kadr boşluğunun aradan qaldırılması üçün zəruri addımlar atılmayıq”.
Qeyd: Material Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanmışdır.