Zəfərin 4 ili
Vətən müharibəsi xalqımızın tarix qarşısında hesabatı idi
1xeber.media xəbər verir ki,Daxili İşlər Nazirliyində 8 noyabr-Zəfər Gününə həsr olunmuş təntənəli mərasim keçirilib. Tədbirdə 44 günlük Vətən müharibəsində iştirak etmiş DİN-in hərbi qulluqçuları və polis əməkdaşları iştirak ediblər.
Əvvəlcə respublikamızın suverenliyi, ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş igid oğullarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət Himni səsləndirilib.
Tədbirdə çıxış edən daxili işlər nazirinin müavini polis general-leytenantı İsmət Əliyev tariximizə qızıl hərflərlə yazılan müqəddəs qələbəni, 30 ilə yaxın bir müddətdə Ermənistanın işğalı altında olan tarixi torpaqlarımızın azad olunmasını, ölkəmizin ərazi bütövlüyünün və tarixi ədalətin bərpa edilməsini xalqımızın çoxəsirlik dövlətçilik tarixinin ən şərəfli səhifələrindən biri olduğunu qeyd edib, daxili işlər naziri, general-polkovnik cənab Vilayət Eyvazovun Zəfər Günü və Dövlət Bayrağı Günü münasibətilə Daxili İşlər Nazirliyinin şəxsi heyətinə ünvanladığı təbriklərini çatdırıb.
Daxili İşlər Nazirliyinin Daxili Qoşunlar Komandanının müavini - Şəxsi Heyət üzrə İdarənin rəisi general-mayor İnqilab Muradov ölkə Prezidentinin davamlı səyləri ilə yaradılan güclü hərbi potensialın qarşımızda duran müqəddəs missiyanın layiqincə yerinə yetirilməsində öz töhfəsini verdiyini vurğulayıb.
Qeyd olunub ki, Daxili İşlər Nazirliyinin ayrılmaz hissəsi olan Daxili Qoşunların hərbi qulluqçuları Birinci Qarabağ müharibəsində olduğu kimi Vətən savaşında da misilsiz şücaət və hünər göstərərək Ali Baş Komandanın etimadını, xalqımızın inamını doğrultdular. Torpaqlarımızın işğaldan azad olunması zamanı şəxsi heyətdən 66 nəfərin şəhidlik zirvəsinə ucaldı,, 346 nəfərin yaralandı, ölkə rəhbəri tərəfindən 4 hərbi qulluqçu “Vətən Müharibəsi Qəhrəmanı” adına layiq görüldü, minlərlə hərbi qulluqçumuz isə orden və medallarla təltif olundu.
Daha sonra Vətən müharibəsində qazanılan Qələbənin suverenliyimizə gedən yolun başlanğıcı olduğunu qeyd edən natiqlər ərazi bütövlüyümüzü təhdid edən, Xankəndidə yuva salmış terrorçu ünsürlərin, eləcə də Ermənistan sılahlı qüvvələrinin zərərsizləşdirilməsi istiqamətində Silahlı Qüvvələrimizin, o cümlədən Daxili İşlər Nazirliyinin hərbi qulluqçularının və polis əməkdaşlarının iştirakı ilə keçirilən lokal xarakterli antiterror tədbirlərinin dünya hərb tarixində analoqu olmadığını qeyd ediblər.
Tədbirin sonunda Vətən müharibəsində igid oğullarımızın qəhrəmanlıqlarını özündə əks etdirən “Şanlı Zəfərimiz əbədidir” sənədli film nümayiş olunub.