Əlimə qələm alıb yazılar yazandan bəri önəmli tarixi günlərlə bağlı məqalələr yazmışam. Bu gün isə təqvimdə bir tarixə baxıb sakit və süs qalmışam. Bu tarixdə anam dünyaya gəlib. Mən ona Ema deyirdim... O da mənə ağsaqqal balam deyirdi. Bütün arzularında bir Tural varıydı. Ən çətin günündə, sevinc dolu anında gözü ancaq məni axtarırdı. Bu gündə mən quru və cansız baş daşında bütün varlığına sarılacaq Anamı axtarıram...Yaşasaydı, bu gün 62 yaşı tamam olacaqdı.
Çıraqova Elmira Qafar qızı. Bu adı yazanda əvvəlcə anamı düşünürəm. Sonra öz-özümə deyirəm ki, bir vaxtlar Kəlbəcərdə dünyaya göz açan o qız hələ bilmirdi, böyüyüb müəllimə olacaq, ingilis, rus və fars dillərini mükəmməl öyrənəcək. Yüzlərlə uşağın əlindən tutub yazmağı, oxumağı öyrədəcək.
Və bir gün də tək övladının jurnalist olmasını istəyəcək. İndi həmin övlad ana arzularından doğan istəklərin reallaşmasına xidmət edir...
Anam diqqətcil idi. Qayğısını insanın halındakı ən kiçik dəyişikliyi duymasından hiss edərdin. Ailəsini ürəkdən sevirdi. Vətənə bağlı qadın idi. Kəlbəcər onun doğulduğu yer idi. Mənim üçün isə Kəlbəcərin adı çəkiləndə, istər bir söhbətdə, istər bir xəbərdə, həmin an fikrimdən anam keçir.
Bu yazını bitirib sənə göndərmək istərdim, ana. Sonra da zəng edib soruşardım ki, oxudunmu? Bəlkə müəllim gözü ilə bir cümləni düzəldərdin. Mən də bilərəkdən söhbəti uzadardım ki, səsini bir az da eşidim.
Bu gün 62 yaşın olacaqdı. Əlimdə bir dəstə gül qapına gəlmək, səni qucaqlamaq istəyərdim. Sənə danışmağa o qədər sözüm var ki. Amma qapını açsaydın, yəqin heç birini deyə bilməzdim. Elə bircə «Ana» deyərdim.
Ad günün mübarək, ANA!
Allah sənə rəhmət eləsin
















