Xəbər verdiyimiz kimi, Ramiz Mehdiyevin keçmiş köməkçisi Eldar Əmirov həbs edilib. Bu barədə Səbail rayon Məhkəməsində qərar qəbul edilib.
1xeber.media xəbər verir ki, qərara əsasən, istintaq orqanın təqdimatı əsasında Eldar Əmirov barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib. Eldar Əmirov dövlətə xəyanət, dövlət çevrilişinə cəhddə ittiham olunur.
Bəs kimdir Eldar Əmirov?1xeber.media Musavat.com-a istinadla onun dosyesini təqdim edir:
Eldar Əmirov uzun illər Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) müxtəlif vəzifələrdə çalışıb. O, siyasi elmlər üzrə fəlsəfə doktorudur və uzun müddət Ramiz Mehdiyevin ən yaxın çevrəsində yer alıb.
2019-cu ildə Ramiz Mehdiyev AMEA prezidenti təyin edildikdən sonra Eldar Əmirov akademiyanın strukturunda əsas fiqurlardan birinə çevrilib. Mətbuatda o, “AMEA-nın de-fakto rəhbəri”, “Mehdiyevin sağ əli” kimi təqdim olunurdu.
Əmirovun kadr siyasətinə və institutdaxili proseslərə ciddi təsir göstərdiyi, bir çox hallarda qərarların məhz onun vasitəsilə icra edildiyi iddia edilir.
Saxlanma və istintaq
Məlumata görə, Eldar Əmirov barəsində Daxili İşlər Nazirliyinə daxil olan çoxsaylı şikayətlər əsasında araşdırma aparılıb. İddialara əsasən, o, AMEA-da vəzifələrin verilməsi və digər inzibati məsələlərdə “maddi maraqlar” müqabilində qərarlar çıxarıb.
Hazırda onun fəaliyyəti ilə bağlı istintaq aparılır və araşdırmalar davam edir.
“AMEA-nın kölgə rəhbəri”
Mətbuatda Eldar Əmirovun “AMEA-nın kölgə rəhbəri” kimi tanınan Ramiz Mehdiyevin prezidentliyi dövründə AMEA-nın idarəçiliyində əsas söz sahibi olduğu vurğulanır. O, elmi idarəetmə sistemini öz nəzarətində saxlayan, kadr təyinatlarında həlledici rol oynayan şəxs kimi təqdim olunurdu.
Onun həbsi ilə bağlı xəbərlər AMEA-nın son illərdəki idarəçilik modelini və oradakı şəxsi maraqlar sistemini yenidən gündəmə gətirib.

















