"Rusiyanın Moldovaya hücum ehtimalı yoxdur. Çünki Rusiya ordusu Ukraynada dalana dirənib".
Bunu Qaynarinfo-ya açıqlamasında konfliktoloq Üzeyir Şəfiyev Rusiya Xarici Kəşfiyyat Xidmətinin NATO-nun Moldovanı da Rusiya ilə münaqişəyə cəlb etməyə hazırlaşdığı barədə bəyanatını şərh edərkən deyib.
Ekspert qeyd edir ki, Rusiya indi böyük itkilərə məruz qalır:
"Ukrayna ilə bağlı Avropa İttifaqı ilə ABŞ arasında həmrəylik getdikcə güclənir. Tramp Putinin onu aldatdığını başa düşərək, imicini qorumaq üçün Ukraynaya maksimal dəstək vermək qərarına gəlib. Moskva da Trampın bu dönüşünün özü üçün ciddi təhlükə olduğunu anlayır. Bu fonda Kremlin Moldovaya hücumu güman edilmir. Rusiya harada rusdilli əhali yaşayır, guya onların qorunması adı altında həmin ölkələrə müdaxilə edir. Moldova da belə ölkələrdəndir. Kreml burada Dnestryanı kartından istifadə edir".

Həmsöhbətimiz bildirir ki, Putin yalnız Ukraynada tam qələbə əldə edəcəyi təqdirdə, Moldova və digər qonşulara münasibətdə aneksiya siyasətini yürüdə bilər:
"Ancaq buna onun gücü çatmayacaq. Çünki Amerika və Avropa İttifaqının Ukrayna həmrəyliyi artıq gerçəkləşib. Alman filosofu Hegel deyirdi ki, "küləklər gölləri çürümədən qoruduğu kimi, müharibələr də dövlətləri, cəmiyyətləri çürümədən qoruyur". Ukrayna müharibəsi də bu mənada sanki Avropanı çürümədən xilas etdi. Avropa artıq özünün hərbi-siyasi gücünü artırmağa çalışır. Avropanın güclənməsi və onun Amerika ilə həmrəyliyi sahədə Putinin məğlub olmasına gətirib çıxaracaq".
Rusiya kəşfiyyatının Moldova ilə bağlı məlumatı tirajlaması ekspertin fikrincə, sadəcə olaraq, NATO ölkələrini burada möhkəmlənməkdən çəkindirmək məqsədi daşıyır:
"Moldova ərazisində NATO təlimləri keçirilir. Eyni zamanda NATO təlimatçıları Moldova ordusuna təlimlər keçir. Bütün bunlar isə Rusiyanın Ukraynadan sonrakı planlarını əngəlləməyə hesablanmış addımlardır. Moldova üçün yaxın perspektivdə hər hansı bir hərbi təhlükə yoxdur. Təbii ki, Qərb yeni cəbhənin açılması üçün Moldovanı belə bir provakasiyaya sürükləyə bilər. Ancaq nə Moskva, nə də Kişinyov buna getməz. Çünki bədəlinin ağır olacağı hər iki tərəf üçün aydındır".
Qeyd edək ki, Rusiya Xarici Kəşfiyyat Xidməti (SVR) NATO-nun Moldovadan Rusiya ilə mümkün silahlı münaqişədə fəal şəkildə istifadə etməyə hazırlaşdığını bəyan edib.
"SVR-ə daxil olan məlumata görə, NATO Moldovanı Rusiya ilə mümkün silahlı münaqişədə fəal şəkildə istifadə etməyə hazırlaşır", deyə hesabatda qeyd edilir.
Agentliyin məlumatına görə, NATO ölkə ərazisini alyans qüvvələrinin Rusiya sərhədlərinə sürətlə köçürülməsi üçün əlverişli etmək üçün Moldovanın "şərq cinahında alyansın qabaqcıl körpübaşına” çevrilməsini sürətləndirmək qərarına gəlib.