Təhlükəsizlik məsələləri üzrə danışıqlarında iştirak edən Suriya və İsrail nümayəndə heyətləri sentyabrın 24 və ya 25-də ikitərəfli razılığa gələ bilərlər.
1xeber.media xəbər verir ki, bu barədə “Sky News Arabia” diplomatik mənbələrə istinadən məlumat yayıb.
Onun sözlərinə görə, ABŞ BMT Baş Assambleyasının Nyu-Yorkda keçirilən 80-ci sessiyası zamanı sənədin imzalanmasında israrlıdır.
İsrailin təklif etdiyi saziş Dəməşqin cənub-qərbində üç silahsızlaşdırılmış zonanın yaradılmasını nəzərdə tutur. Suriyaya orada polis qüvvələrini yerləşdirməyə icazə veriləcək, lakin bu zonalar üzərində hava hücumları qadağan ediləcək.
İsrail 2024-cü ilin dekabrında işğal etdiyi Hermon dağındakı (Cəbəl əl-Şeyx) radiolokasiya stansiyasını nəzarətində saxlamaq niyyətindədir.
Sentyabrın 22-də Ərəb Respublikasının keçid prezidenti Əhməd əş-Şaraa BMT Baş Assambleyasının 80-ci sessiyasındakı çıxışında bildirib ki, Suriya İsraillə müharibədən qaçmaq istəyir, çünki ölkəyə tikinti prosesini davam etdirmək üçün sülh lazımdır. O bildirib ki, iki qonşu ölkə təhlükəsizlik tədbirləri ilə bağlı razılığa gələ bilər, lakin “istənilən halda İsrail Suriya ərazisindən çıxmalıdır”.