Uzun müddətdir müzakirə edilən, amma nəticəsiz qalan məsələlərdən biri də sənədsiz evlərlə bağlıdır. Məlumata görə, hazırda Bakıda 500 min çıxarışsız ev var və qadağan olunmuş yerlərdə tikilən əmlaklar çoxluq təşkil edir. Bu isə təkcə vətəndaşlara deyil, dövlətə də problem yaradır.
Çıxış yolu nədir? Xarici təcrübədə məsələ necə həll edilir?
1xeber.media xəbər verir ki globalinfo-az-a danışan əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev deyib ki, sənədsiz evlərlə bağlı ürəkaçan addımlar atılmır:
“2019-cu ildə bir qisim əmlak çıxarışla təmin edilsə də, pandemiyadan sonra proses dayandı. Sənədləşmə məsələsində yubanmaların şahidi olduq. Təkcə Bakı və Abşeron ərazisində bu cür fərdi həyət evləri çoxdur. Qanunvericiliyə əsasən, onlara çıxarışların verilməsi mümkünsüzdür. Xarici ölkələrdə isə müxtəlif illərdə daşınmaz əmlaklarla bağlı amnistiyalar tətbiq olunub. Bu səbəbdən çıxarışsız əmlak anlayışı aradan qaldırılıb”.
Ekspert qeyd edib ki, sənədsiz evlər əmlak və torpaq vergisinə cəlb oluna, sığortalana bilmir və dövlət də əldə edə biləcəyi gəlirlərdən məhrum olur:
“Ev sahibi dünyasını dəyişdiyi halda varislər arasında əmlakların bölünməsi mümkünsüz olur. Problemdən əziyyət çəkən vətəndaşlara çıxarış tipli sənəd verilərsə, qeydiyyata düşə, vergi ödəyə bilərlər. Yaxın gələcəkdə sənədləşmələrlə bağlı yeni addımların atılacağı, işlərin görüləcəyi gözlənilir. Çıxarışsız əmlakla bağlı problem aradan qalxarsa, ucuz fərdi həyət evləri ipoteka predmetinə çevrilər və aztəminatlı ailələr müxtəlif kredit şərtləri ilə bu mənzilləri əldə edə bilərlər”.
Əmlak məsələləri üzrə ekspert Elnur Azadov isə deyib ki, ölkəmizdə ümumi qanunla sənədsiz evlərlə bağlı problemi həll etmək mümkün olmayacaq:
“Şəhərsalma və Tikinti Məcəlləsində qeyd olunub ki, hər 5 ildən bir şəhərin perspektivli planlaması, mövcud vəziyyətinə görə torpaqların təyinatı və şəhər salınması dəyişilməlidir. Həmçinin ölkə başçısının 28 sentyabr 2024-cü ildə imzaladığı “Torpaqların kateqoriyalara aid edilməsi və onların bir kateqoriyadan digərinə keçirilməsi qaydaları” da nəzərə alınmalı, bu istiqamətdə işlər aparılmalıdır. Üstəlik iki il öncə Ədliyyə nazirliyi ilə Əmlak Məsələləri Dövlət Xidməti gələcəkdə bir portal üzərindən bütün əmlak əməliyyatlarının həyata keçirilməsi istiqamətində çıxışlar etmişdilər. Lakin heç bir qanuni sənədi olmayan əmlakların qeydiyyatının necə aparılacağı müəmmalıdır. Əvvəlcə alt qanun hazırlanmalıdır”.