Son aylarda kirayə qiymətlərində müşahidə olunan sürətli artım şəhərlərdə və iri yaşayış mərkəzlərində həyat xərclərini əhəmiyyətli dərəcədə yüksəldib. Bu tendensiya ailə büdcələrinə birbaşa təsir göstərir və kirayə bazarında tarazlığın pozulduğunu ortaya qoyur.
Kirayə qiymətləri niyə artır?
Mövzu ilə bağlı konkret.az-a açıqlama verən iqtisadiyyat üzrə fəlsəfə doktoru, ekspert Günay Hüseynova kirayə bazarındakı kəskin bahalaşmanı mənzil bazarındakı ümumi vəziyyətlə əlaqələndirib.
Onun sözlərinə görə, mənzil qiymətləri sürətlə yüksəlir və maliyyə imkanları geniş olan şəxslər bir neçə mənzil alaraq bazarda üstün mövqe qazanırlar. Nəticədə ev almaq istəyənlər, uzun müddət kirayədə yaşayanlar və müəyyən vəsait toplaya bilən vətəndaşlar bazardan kənarda qalır.
Ekspert bildirib ki, toplanan vəsait inflyasiyanın təsiri ilə dəyərdən düşür, eyni zamanda daşınmaz əmlakın qiyməti artmaqda davam edir:
“Bu səbəbdən vətəndaşlar ya ipoteka kreditlərinə üz tutur, ya tikinti şirkətlərinin daxili kredit mexanizmlərindən istifadə edir, ya da torpaq alaraq fərdi ev tikməyə üstünlük verirlər. Lakin torpaq qiymətləri də yüksəkdir. Üstəlik, tikinti təyinatı olmayan torpaqlarda sənədləşmə aparılmır və kommunal xidmətlərdən istifadə mümkün olmur”.
Günay Hüseynova qeyd edib ki, alıcılar tez-tez qeyri-rəsmi satışların qurbanına çevrilirlər:
“Bəzən təyinatı uyğun olmayan torpaq və ya evlər satışa çıxarılır, alıcılara çıxarış və tikinti icazəsi vəd olunur. Halbuki bu, yalnız Nazirlər Kabinetinin müvafiq qərarı və yerində baxışdan sonra mümkün ola bilər”.
İqtisadçı kirayə bazarına təsir edən əsas amillərdən biri kimi regionlarda iş imkanlarının məhdudluğunu, Bakıda isə əhalinin həddindən artıq sıxlaşmasını göstərib. Onun sözlərinə görə, mülk sahibləri kirayəçilərin alternativlərinin az olduğunu bildikləri üçün qiymətləri artırmaqdan çəkinmirlər.
Ekspert problemin həlli ilə bağlı bir sıra təkliflər də səsləndirib:
“Çoxsaylı daşınmaz əmlak alan şəxslər üçün daha yüksək vergi tətbiq olunmalıdır. Eyni zamanda kommunal xidmətlər üzərindən nəzarət mexanizmi gücləndirilə bilər. Əgər şəxs bir mənzildə yaşayır, digər mənzillərində isə kommunal xidmətlərdən istifadə olunursa, bu, həmin əmlakın kirayədə olduğunu və ya vergidən yayınma ehtimalını göstərir. Belə hallarda kirayəçilərin müvəqqəti qeydiyyatı və ya dövlətə müvafiq bəyannamənin təqdim olunması təmin edilməlidir”.















