Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin İrana səfəri maraqla qarşılandı.
O, İran Prezidenti Məsud Pezeşkian, xarici işlər naziri Abbas Araqçı və Xarici Əlaqələr üzrə Strateji Şurasının sədri Kamal Xərrazi ilə görüşlər keçirdi.
Bakı-Tehran münasibətlərindəki mövcud vəziyyət fonunda bu səfər xüsusi diqqət çəkir. Bəzi ekspertlərin fikrincə, İranın üzləşdiyi geosiyasi problemlər onun bir sıra məsələlərdə geri addım atmağa məcbur edib. Artıq iki ölkə arasında buzların yavaş-yavaş əridiyi bildirilir.
Hazırkı proseslər fonunda Prezidentinin köməkçisinin bu səfəri necə dəyərləndirilməlidir?
Globalinfo.az-a danışan analitik Aqşin Kərimov deyib ki, Hikmət Hacıyevin İran proqramı Bakı ilə Tehranın regional problemləri və əməkdaşlıqları yenidən nəzərdən keçirməsi deməkdir:
“İranın Cənubi Qafqaz və Yaxın Şərqdəki təsirləri təsvir ediləndən daha mürəkkəb çətinliklərlə üzləşib. Tehranın artan çıxılmaz vəziyyətlərlə qarşı-qarşıya qalması, o cümlədən daxilidəki mümkün qarşıdurma ssenariləri “keçid dövrü”nün deyil, daha uzunmüddətli bir prosesin əlamətləridir.
İranla Rusiya Hərtərəfli Strateji Əməkdaşlıq haqqında Saziş imzalasa da, Moskva Tehrana mümkün strateji təhdidlərdə müştərək müdafiənin olması ilə bağlı öhdəliklər götürməyib. Bu, regionda İranın nüfuzunun zəifləməsi fonunda gələcək ssenarilərdə problemləri gücləndirir. Həmçinin Suriyada baş verən son hadisələr Azərbaycanın strateji müttəfiqi Türkiyənin Cənubi Qafqazda dominant güc kimi formalaşması ilə nəticələnir. Həm Qərb, həm Rusiya ilə güclü əlaqələrə malik olan Azərbaycan-Türkiyə strateji müttəfiqliyi önündə isə İranın effektiv müqavimət mexanizmləri yoxdur. Üstəlik, İslam Respublikası ABŞ Prezidenti Donald Tramp administrasiyasının regional siyasətdəki sərt addımlarından çəkinir”.
Ekspert bildirib ki, Azərbaycanla İranın təhlükəsizlik səmtindəki yaxınlaşmaları Tehranın regionda əvvəllər elan etdiyi “qırmızı xətləri” ilə əlaqədar məhdudiyyətlərlə nəticələnə bilər:
Hikmət Hacıyevin İran Prezidentinin müşaviri Mehdi Sənayi ilə görüşdə, “Azərbaycan tərəfdən İrana heç bir təhdid olmayacaq”, – fikrini səsləndirməsi Tehranın təhlükəsizlik arayışlarında Bakı amilinin gücləndiyinin ifadəsidir”.
Bu kontekst İranın Zəngəzur dəhlizi prosesində yaratdığı maneələrin aradan qalxması ilə yekunlaşacaq. Tehran indiyə kimi Azərbaycanın “Huseyniyyun dosyesi” üzrə tələb etdiyi şəxsləri Bakıya təhvil verməyib. Ehtimal ki, Hikmət Hacıyevin səfəri həmin dosyenin yenidən qiymətləndirilməsinə yaşıl işıq yandıracaq. Məsələnin indi üçün məntiqi açıqlaması belədir.
Tehran yuxarıda qeyd edilən boşluqlardan Bakı ilə artan çevik əməkdaşlıqlar hesabına çıxmağa həvəslidir. İranda Azərbaycanla əlaqədar bütün müxalif qüvvələrin dövlət qatındakı əməkdaşlıq konsolodasiyası üçün münbit şərait var. Bu baxımdan Tehran “Huseyniyyun dosyesi” ilə bağlı güzəştlərə hazırdır”.