1xeber.media xəbər verir ki, bu gün növbəti köç karvanı ilə Cəbrayıl şəhərinə çatan ailələrə evlərinin açarları təqdim olunub.
Cəbrayıla qədəm qoyan ailələr qarşılandıqdan sonra onlara ANAMA-nın əməkdaşları tərəfindən mina və partlamamış silah sursatların təhlükəsi barədə ətraflı məlumat verilib. Tanımadıqları naməlum əşyalar və cisimlərdən uzaq durmaları və belə hallarla qarşılaşdıqları zaman aidiyyəti qurumlara xəbər vermələri tövsiyə olunub.
Açarların təqdim edilməsi mərasimində, Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin Xüsusi nümayəndəliyinin, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin rəsmiləri və digər şəxslər iştirak ediblər.
Ailələr sevinc hissi ilə açarları təhvil alıb və öz evlərində məskunlaşıblar. Köçürülən ailələrin, Cəbrayıl şəhərində dövlətimizin başçısının göstərişi əsasında tikilən evlərdə məskunlaşması üçün bütün şərait yaradılıb.
***
“Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”na əsasən, Cəbrayıl şəhərinə növbəti köç prosesi gerçəkləşib, səhər saatlarında yola salınan ailələr doğma yurdlarına qovuşublar.
Cəbrayıl şəhəri bu gün 42 ailə olmaqla, 205 nəfərə qucaq açıb.
Şəhərə qədəm qoyan ailələr Cəbrayıl şəhərində yaradılan gözəlliyi seyr ediblər. Doğma yurda qayıdan Cəbrayıl sakinləri hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkür ediblər. Onlar, həmçinin torpaqlarımızı işğaldan qurtaran rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət, ailələrinə səbir diləyiblər.
Köçürülən ailələrin Cəbrayıl şəhərində dövlətimizin başçısının göstərişi əsasında yenidən tikilən binalarda məskunlaşması üçün bütün şərait yaradılıb.
Qeyd edək ki, Böyük Qayıdışın əsas komponentlərindən olan dayanıqlı məskunlaşmanın təmin edilməsi çərçivəsində işğaldan azad olunmuş ərazilərə geri qayıtmış keçmiş məcburi köçkünlər, dövlət və özəl sektorlarda işləyənlər, həmçinin təhsilalanlar da daxil olmaqla, həmin ərazilərdə hazırda 40 minə yaxın insan yaşayır və fəaliyyət göstərir.