İran parlamentində ölkə məktəblərində qeyri-fars dillərin məhdud tədrisini nəzərdə tutan qanun layihəsinin təsdiq olunmaması azərbaycanlı millət vəkillərinin də narazılığı ilə qarşılaşıb.
1xeber.media xəbər verir ki, bu barədə yerli media məlumat yayıb.
Təbrizin İran parlamentindəki nümayəndəsi, mühafizəkar siyasi cərəyana mənsub olan Ruhullah Mütəfəkkir Azad parlamentdəki çıxışında qanun layihəsinin qəbul edilməməsini tənqid edib.
Onunla yanaşı, Şərqi Azərbaycan Nümayəndələr Məclisinin sədri Əlirza Novin də oxşar yazılı bəyanatla çıxış edib və qanun layihəsinin təsdiq olunmaması üçün səsvermədən əvvəl dövlət nümayəndəsinin layihənin əleyhinə çıxış etdiyini, parlament üzvlərini qanun layihəsinə səs verməməyə təşviq etdiyini bildirib:
“Bu gün yerli və etnik dillərin ədəbiyyatının həftədə 2 saat tədrisini nəzərdə tutan qanun layihəsi səsə qoyulmadan əvvəl dövlət nümayəndəsi onun əleyhinə çıxış etdi və təəssüf ki, parlament üzvlərinin çoxu da onunla birgə qanun layihəsinə qarşı çıxdı. Hər dəfə prezident seçkiləri ərəfəsində onlar Konstitusiyanın 15-ci maddəsinin icrası ilə bağlı vədlər versələr də, seçildikdən sonra bu, yaddan çıxır. Bu dəfə isə Məsud Pezeşkian hökumətinin nümayəndəsinin türk dili və başqa etniklərin dillərinin tədrisinə qarşı çıxış etməsini gözləmirdik, ancaq bu belə oldu”.
Qeyd edək ki, bu gün İran parlamentinin açıq iclasında qeyri-fars dillərin həftədə 2 saat tədrisini nəzərdə tutan qanun layihəsi səsvermədən keçməyib.