Onlara təzyiq edilib? - Rəsmi cavab
“Abzas media” işi ilə bağlı cinayət məsuliyyətinə cəlb edilən jurnalistlər Sevinc Vaqifqızı, Elnarə Qasımova və Nərgiz Absalamovanın təcridxanada fiziki şiddətə məruz qalması barədə məlumatlar yayılıb.
1xeber.media xəbər verir ki, yayılmış iddialarda onların nəzarətçilər tərəfindən kobud rəftarla üzləşmələri, xəsarət almaları bildirilirdi.
Penitensiar Xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən sorğunuza cavab olaraq bildirilib ki, iddialar həqiqəti əks etdirmir: “Həbsdə saxlanılan Sevinc Abbasova, Elnarə Qasımova və Nərgiz Absalamova Bakı istintaq təcridxanasında saxlandıqları müddətdə təzyiqlərə, işgəncələrə, qeyri-insani və ya ləyaqəti alçaldan rəftara məruz qalmayıb, hüquqları təmin edilir və qanuni mənafeləri qorunur.
Vəkil Aqil Layic görüş üçün iş vaxtının sonunda müraciət etdiyindən həmin gün görüş təmin edilməyib, lakin növbəti gün konfidensial şəraitdə hüquqlarını müdafiə etdikləri şəxslərlə görüşməsi təmin olunub.
Qanunvericilikdə nəzərdə tutulmuş məhdudiyyətlər istisna olmaqla təcridxanada saxlanılan hər bir həbs edilmiş şəxs həftədə iki dəfə 15 dəqiqəyədək müddətdə telefonla danışmaq hüququndan istifadə edir”.
Qeyd edək ki, “Abzas media” işi üzrə aparılan istintaqla saytın direktoru Ülvi Həsənli və baş redaktoru Sevinc Vaqifqızı, eyni zamanda direktor müavini Məhəmməd Kekalov və digər əməkdaşları - Hafiz Babalı, Nərgiz Absalamova və Elnarə Qasımova həbs ediliblər. Onlar qaçaqmalçılıqda ittiham edilirlər.
***
Vəkil Aqil Layic mövzu ilə bağlı sosial şəbəkədə paylaşım edib. O, Sevinc Vaqifqizi ilə görüşdüyünü bildirib:
“Əsas məqam ona fiziki və verbal şiddətin olub-olmaması, qolunda olan hematoma ilə bağlı idi. Hematomanın yaranmasına belə qeyd etdi ki, qapının ağzında olan nəfəsliyin bağlanmaması üçün əlini nəfəsliyin arasına salıb, çəkiş-bərkişdə əmələ gəlir. Özünə qarşı fiziki şiddətin olmadığını qeyd etdi. Nəfəslik məsələsi də artıq həll edilib”.