MAMA və "Öz töhfəni ver" sərgisinin açılışında yaşananlar
Noyabrın 14-də Heydər Əliyev Mərkəzində ətraf mühitin qorunmasına çağırış edən MAMA “Ana təbiət” (Mother Nature) beynəlxalq incəsənət layihəsi və “Öz töhfəni ver!” (Participate!) sərgisinin açılış mərasimi keçirilib.
1xeber.media xəbər verir ki, sərgilərin açılışında Heydər Əliyev Fondunun vitse-prezidenti, “IDEA” İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva, Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva və ailə üzvləri iştirak ediblər.
BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) günlərində fəaliyyətə başlayan MAMA “Ana təbiət” beynəlxalq incəsənət layihəsinin ideya müəllifi Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevadır. Layihə çərçivəsində nümayiş olunan ekspozisiya “IDEA” (Ətraf Mühitin Mühafizəsi Naminə Beynəlxalq Dialoq) İctimai Birliyi və Heydər Əliyev Mərkəzinin təşkilatçılığı ilə təqdim edilir.
Ətraf mühitin mühafizəsi mövzusunda açılan “Öz töhfəni ver!” sərgisi isə Birləşmiş Millətlər Təşkilatının Cenevrədəki ofisinin baş direktoru Tatyana Valovaya və “IDEA” İctimai Birliyinin rəhbəri Leyla Əliyevanın birgə təşəbbüsü ilə Heydər Əliyev Mərkəzi və İsveçrə Qadın və Gücləndirmə Assosiasiyası (Association of Swiss Women & Empowerment) tərəfindən təşkil olunub.
Tədbirdə çıxış edən Heydər Əliyev Fondunun vitse-prezidenti, “IDEA” İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva nümayiş olunan əsərlərin izləyicilərə müsbət enerji verəcəyinə ümidvar olduğunu bildirib. O, sərginin ərsəyə gəlməsində iştirak edən hər kəsə təşəkkürlərini çatdırıb.
Leyla Əliyeva ölkəmizin ev sahibliyi etdiyi COP29-da Azərbaycanda aparılan işlər nəticəsində bir çox müsbət nəticələrin əldə olunacağına inamını ifadə edib.
Heydər Əliyev Fondunun vitse-prezidenti son dövrlərdə planetimizdə iqlim dəyişiklikliyi nəticəsində meydana gələn problemlərdən bəhs edib, hava, torpaq, suyun çirklənməsinin bir sıra mənfi təsirlərindən danışıb. Leyla Əliyeva iqlim dəyişikliyi və çirklənmə məsələsinin, həmçinin Azərbaycanın ekosisteminə ciddi təsir göstərdiyini bildirib, mövcud problemlərin həllinə çox nikbinliklə və kreativ üslubda yanaşıldığını diqqətə çatdırıb. O, 2011-ci ildə təsis edilmiş “IDEA” İctimai Birliyinin fəaliyyətinin məhz ətraf mühit problemlərinin həllinə yönəldiyini də qeyd edib.
Sonra çıxış edən türkiyəli rəssam Seval Özcan möhtəşəm beynəlxalq sərginin təşkilinə görə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevaya dərin minnətdarlığını bildirib. Diqqətə çatdırılıb ki, təbiətin insanlara deyil, insanların təbiətə ehtiyacı var və dünyamız bu gün böyük təhlükə altındadır. S.Özcan bu cür çətinliklərin olduğu bir dövrdə Bakıda iqlim dəyişikliyi ilə bağlı təşkil edilən tədbirlərin çox əhəmiyyətli olduğunu vurğulayıb.
Birləşmiş Millətlər Təşkilatının Cenevrədəki ofisinin baş direktoru Tatyana Valovaya tədbir iştirakçılarına videomüraciətində iqlim dəyişmələrinin qarşısını almaq və daha yaşıl dünyaya nail olmaq məqsədilə göstərdiyi qlobal səylərə, iki layihənin ərsəyə gəlməsinə görə Leyla Əliyevanın rəhbərliyi ilə “IDEA” İctimai Birliyinə, həmçinin Heydər Əliyev Fonduna və İsveçrə Qadın və Gücləndirmə Assosiasiyasına təşəkkürünü bildirib.
"Bu iki sərgi "Gələcək Naminə Pakt"da əks olunmuş üzv dövlətlərin öhdəliyi, COP29 müzakirələrin əsas mövzusunu təşkil edəcək işlər ilə həmahəngdir. Həmçinin bu sərgilər qəlbimə xüsusən bağlıdır, çünki onlar incəsənət, texnologiya və ətraf mühit öhdəliyinin kəsişən məqamlarını əks etdirir. Bizi düşündürən bu cür işlər laqeydliyin fəsadlarını xatırladır və hər tamaşaçını planetimizdə carçı rolunda düşünməyə vadar edir. Həmin sərgilər bizi hərəkətə səsləyir və hamımızı seçimlərimizin təsiri, eləcə də gələcək nəsillərə hansı mirası qoyacağımız barədə düşündürür", - deyə Tatyana Valovaya videomüraciətində qeyd edib.
Sonra qonaqlar MAMA “Ana təbiət” və “Öz töhfəni ver!” sərgilərinə baxış keçiriblər.
Sərgi ilə tanış olan qonaqlar öz təəssüratlarını AZƏRTAC-la bölüşüblər. İşa Xeyriyyə Fondunun təsisçisi, məşhur hindistanlı yoqin Sadhquru (Caqqi Vasudev) dünyamıza və xüsusilə incəsənətə qayğının mütləq olduğunu bildirib. Onun sözlərinə görə, incəsənətə qayğının ən gözəl ifadəsində sənət, musiqi də istifadə edilməlidir. Əks halda, insanların ruhuna toxuna bilmərik.
Rəssam Kamran Məmmədov sərgidə nümayiş etdirilən əsərində peşəsindən asılı olmayaraq, hər kəsin planetimizə, təbiətimizə qayğı göstərməyin əhəmiyyətinə diqqət cəlb etdiyini deyib.
Heykəltaraş Ömər Heydərov isə sərginin çoxşaxəli olduğunu, bütün növ sənət nümunələrini əhatə etdiyini deyib. O, sərgidə həm təbiətin gözəlliyinin nümayiş olunduğunu, həm də onu qorumaq üçün çağırışların edildiyini diqqətə çatdırıb.
iqtisadi, sosial və ekoloji tarazlığın təmini nümayiş etdirilir.
Ekspozisiyanın “Öz töhfəni ver!” adlı üçüncü hissəsi isə insanları səyləri birləşdirərək təbiətin qorunmasında iştiraka səsləyir. Ziyarətçilər ekoloji təhlükəsizliyin təmin edilməsi istiqamətində maraqlı, qeyri-standart, yaradıcı ideya və təşəbbüslərini bədii şəkildə, əlvan boyalarla təsvir etmək imkanı qazanır. Layihə təşkilatçıları insanları tərəddüd etmədən ətraf mühitin qorunması, planetimizin xilası naminə hərəkətə keçməyə çağırır.
Xatırladaq ki, sərgi Azərbaycan ilə BMT arasında əməkdaşlıq çərçivəsində reallaşdırılan ilk layihə deyil. 2022-ci ilin iyununda BMT-nin Cenevrədəki bölməsində “Mənim dənizlərim, mənim okeanlarım”(My Seas, My Oceans) fotosərgisi, 2022-ci ilin oktyabrında Bakıda Heydər Əliyev Mərkəzində “Çağırışın 17 siması” (“17 Faces of Action”) fotosərgisi təşkil edilib.