İşğaldan azad olunmuş torpaqlarımızda sürətlə həyata keçirilən bərpa və yenidənqurma işləri ilə yanaşı, müxtəlif təyinatlı yerli və beynəlxalq səviyyəli mədəni, siyasi tədbirlər və görüşlər də təşkil olunur. Bu cür əhəmiyyətli tədbirlərdən biri də tarixi torpağımız Xankəndidə açılışı keçirilən III Şuşa Qlobal Media Forumudur. Tədbirlərdə müzakirə olunan məsələlərin önəmli olması ilə yanaşı, forumun çatdırmaq istədiyi nüans həm də vaxtilə işğal altında olmuş torpaqlarımızda düşmənin törətdiyi vəhşiliyi, qeyri-insani münasibəti göstərmək, ərazilərin minalardan təmizlənməsi və hazırda aparılan bərpa-quruculuq işləri ilə də tanışlıq idi. Həmçinin işğaldan azad edilmiş torpaqlarımızda keçirilən tədbirlər bu günümüz üçün informasiya olsa da, gələcəyimiz baxımından tarixi fakt, hüquqi sənəddir. Biz əməlimizlə, doğma münasibətimizlə dünyaya həmin ərazilərin əsl sahibi olduğunu göstəririk. Ermənistanın işğalında 30 ilə yaxın qalan və terrorçuluğun, separatizmin və narkoticarətin yuvası olan Xankəndi işğaldan azad edildikdən sonra beynəlxalq tədbirlərin, forumların və görüşlərin mərkəzinə çevrilib.
Bu sözləri AZƏRTAC-a açıqlamasında politoloq Yalçın Hacızadə deyib.
O bildirib ki, III Şuşa Qlobal Media Forumunda müzakirə edilən məsələ günümüzün əsas mövzularından sayılan “Süni intellekt dövründə informasiya və media dayanıqlığının gücləndirilməsi” olub. Bu forum yarandığı gündən beynəlxalq media qurumlarının diqqətindədir və hər il təşkilatçılığın keyfiyyəti ilə yanaşı, iştirakçıların sayı, əhatə dairəsinə görə də inkişaf edir.
“Şuşa media forumlarında ən diqqətçəkən və maraq doğuran məqamlardan biri də Prezident İlham Əliyevlə forum iştirakçıları arasında keçirilən sual-cavab hissəsidir. Qonaqlar dövlətimizin başçısı ilə birbaşa təmasda olaraq ona ölkəmiz, regionumuz və dünya üçün əhəmiyyətli olan hadisələrlə bağlı suallar ünvanlaya bilirlər. Azərbaycan Prezidenti tərəfindən verilən cavablar, eyni zamanda, dövlətimizin münasibətini nümayiş etdirir. Bu baxımdan da belə tədbirlər əhəmiyyətinə görə dünyanın müxtəlif bölgələrindəki güclərin və regionumuzla maraqlanan hər kəsin diqqət mərkəzindədir.
Builki Forumda 52 ölkədən 140-a yaxın xarici qonaq, 30-dan çox informasiya agentliyi, 7 beynəlxalq təşkilat və 80-ə yaxın media qurumu iştirak edib. Bu da o deməkdir ki, onların yaydıqları məlumatlar vasitəsilə dünyanın bir çox yerlərində insanlar ölkəmizin siyasi–iqtisadi vəziyyəti, milli–mədəni dəyərləri, işğaldan azad olunmuş ərazilərimizdə aparılan quruculuq işləri və dövlətimizin siyasi xətti ilə tanış olurlar, məlumatlanırlar.
Müstəqilliyimizin ilk illərindən Qarabağ Zəfərinədək olan müddətdə bizim üçün yaradılmış və formalaşdırılmış çərçivədən çıxmağa, haqq səsimizin eşidilməsinə çalışırdıq. Əsas məqsədimiz işğal reallıqlarını dünyaya çatdırmaq, keçirdiyimiz beynəlxalq tədbirlərdə əsas müzakirə mövzusu Ermənistanın işğalı olurdusa, indi regional aktor kimi çıxış edir, mübahisəli və münaqişəli məsələlərin həllində mərkəz olaraq dünyanın siyasi, iqtisadi və enerji təhlükəsizliyində aktiv rol oynayırıq. Dünyanın iqtisadi və siyasi imkanlarına görə yüksək səviyyədə dayanan ölkələrin və təşkilatlarının marağında olan beynəlxalq layihələrin təşəbbüskarı və təşkilatçısı olaraq milli maraqlarımıza uyğun siyasətimizi uğurla davam etdiririk”, - deyə Y.Hacızadə vurğulayıb.
Onun sözlərinə görə, Cənubi Qafqazda sülhün təmin edilməsi, Avropanın enerji təhlükəsizliyinə töhfəmiz, Türküstan (Orta Asiya) regionundakı qardaş ölkələrin Qərbə çıxışında oynadığımız rol, Çinlə imzalanmış strateji müttəfiqlik razılaşması, Türkiyə ilə irəliləyən strateji tərəfdaşlıq və qardaşlıq münasibətləri, Türk Dövlətləri Təşkilatının inkişafına yönəlmiş siyasətimiz, eləcə də Yaxın Şərqdə Suriya, Birləşmiş Ərəb Əmirlikləri və İsraillə qurulmuş siyasi-iqtisadi əlaqələr ölkəmizin beynəlxalq arenadakı rolunu və nüfuzunu artırır. Bundan əlavə, Aralıq dənizinə çıxış imkanlarımız, Qoşulmama Hərəkatı, D-8, İslam Əməkdaşlıq Təşkilatı, Ərəb Dövlətləri Liqası və digər regional və beynəlxalq təşkilatlarla qurulan qarşılıqlı faydalı əməkdaşlıq da Azərbaycanın dövlət maraqlarına əsaslanan xarici siyasət kursunun uğurlarını göstərir.
Bütün bu amillər fonunda, bu gün Azərbaycan artıq beynəlxalq münasibətlərdə siyasət formalaşdıran, təşəbbüslərlə çıxış edən bir ölkəyə çevrilib. III Şuşa Qlobal Media Forumunun keçirilməsi də ölkəmizin reallıqlarının və beynəlxalq əhəmiyyətinin dünyaya çatdırılması baxımından mühüm əhəmiyyət daşıyır.