Tehran Atom Enerjisi üzrə Beynəlxalq Agentliyi (AEBA) texniki qrupunun yaxın həftədə İrana gəlməsinə razılıq verib.
12 günlük İsrail-İran müharibəsindən, tərəflər arasında atəşkəs elan edildikdən bir gün sonra iyunun 25-də İslam Respublikasının parlamenti Agentliklə əməkdaşlığın dayandırılması haqqında qanun qəbul edib. Ölkə Prezidenti Məsud Pezeşkian isə AEBA ilə əməkdaşlığın dayandırılması haqqında fərman imzalamışdı.
Bununla da İran Agentliyin baş direktoru Rafel Qrossi və müfəttişlərini öz obyektlərinə buraxmayacağını, videomüşahidə kameralarının quraşdırılmasına razılıq verməyəcəyini bildirmişdi. İran parlament sədrinin müavini Həmid-Rza Hacı Babai bu qərarın məxfi məlumatların sızması ilə bağlı olduğunu qeyd etmişdi.
Halbuki bu məhdudlaşdırıcı tədbirdən bir müddət öncə baş direktor BMT Təhlükəsizlik Şurasının təcili iclasında yoxlama sistemi vasitəsilə İranda nüvə silahının hazırlanmayacağına zəmanət verə biləcəklərini demişdi: “Lazımi siyasi iradə olduqda diplomatik həll mümkündür. Sazişin elementləri müzakirə olunub və AEBA etibarlı yoxlama sistemi vasitəsilə İranda nüvə silahının hazırlanmayacağına zəmanət verə bilər. Bu, Yaxın Şərqdə sülh gətirəcək və nüvə böhranının qarşısını alacaq uzunmüddətli sazişin əsası ola bilər”.
Qrossi onu da qeyd etmişdi ki, münaqişə zamanı İranın nüvə obyektlərinə ziyan dəysə də, Tehran bir neçə ay ərzində uranın zənginləşdirilməsi proseslərini bərpa etmək qabiliyyətinə malikdir. Tehran rəsmiləri Rafel Qrossini qərəzli olmaqda, yalan informasiya yaymaqda ittiham etmişdilər.
Məlumatlara əsasən, AEBA-nın yoxlamalara dair sorğuları bundan sonra İranın Milli Təhlükəsizlik Ali Şurası tərəfindən təhlükəsizlik məsələləri nəzərə alınmaqla fərdi qaydada nəzərdən keçiriləcək.
İranın xarici işlər naziri Abbas Əraqçi qeyd edib ki, İranın nüvə obyektlərinə dəyən ziyan radioaktiv maddələrin yayılması riski yaradır, bu səbəbdən də müfəttişlərin təhlükəsizliyi prioritet olaraq qalır.
Belə hesab etmək olar ki, müfəttişlərin təhlükəsizliyi məsələsi ilə Tehran özünə manevr yeri qoyur. Çünki iyunun 22-də ABŞ onun nüvə obyektlərini bombalayandan sonra İslam Respublikası rəsmiləri az qala nüvə müəssisələrinin xəsarət almadığını bildirirdi. Bundan başqa, atom üzrə mütəxəssislər bomardmandan sonra şüalanmanın olmayacağını vurğulayırdı. Tehran 408 kq zənginləşdirilmiş uranının olduğunu da gizlətmirdi. Ona görə də hakimiyyət 12 günlük müharibədə özünü qalib olaraq göstərməklə meydana çıxan suallara da cavab vermək məcburiyyətindədir.
İranın xarici işlər nazirinin müavini Kazem Qaribabadi Nyu-Yorka BMT Təhlükəsizlik Şurasının iclasında İslam Respublikasının uranın zənginləşdirmə hüququnu saxladığını vurğulayaraq onun ehtiyaclara uyğun şəkildə zənginləşdiriləcəyini bildirib.
Tehran hakimiyyəti malik olduqları 400 kq-dan çox zənginləşdirilmiş urana müharibə zamanı ziyan dəymədiyi barədə açıqlamanın zərərini də indi görürlər. ABŞ başda olmaqla, beynəlxalq ictimaiyyət onun harada saxlanıldığını, yaxud bu miqdarın təhvil verilməsini tələb edə bilər. Mütəxəssislərin qənaətincə, həmin miqdarda uran 10-dan artıq nüvə başlığı hazırlamaq üçün kifayət edər.
Tehran beynəlxalq ictimaiyyəti Nüvə Silahlarının Yayılmaması Müqaviləsindən çıxa biləcəyi ilə də təhdid etmişdi. Lakin görünən odur ki, İran AEBA ilə əməkdaşlığı davam etdirəcək, müqavilədən isə çıxmayacaq. Əks halda, hakimiyyət ABŞ və İsrailin ona yönəlik ittihamlarını təsdiqləmiş olardı.
Prezident Məsud Pezeşkian bildirib ki, 12 günlük müharibə İranın nüvə silahı olmadığını təsdiqlədi. Digər tərəfdən isə İran rəsmiləri bildirir ki, İslam Respublikasının ali rəhbəri ayətullah Seyid Əli Xaməneinin fitvası ilə nüvə silahı hazırlamaq günahdır.
Nüvə silahı hazırlamırsa, nüvə fizikilərinin hamısı qətlə yetirilməyibsə, atom bombası yoxdursa, onda Tehran hakimiyyəti ABŞ-nin şərtlərini niyə qəbul etmir?
Belə görünür, onu bu istiqamətdə müqavimət göstərməsinə təhrik edən xarici amillər də yox deyil. Elə iyulun 22-də Tehranda İran, Çin və Rusiya nümayəndə heyətlərinin İslam Respublikasının nüvə proqramı ilə bağlı görüşü də bunu fikir təsdiqləyir.
Bundan başqa, ayətullah Xaməneinin baş müşaviri Əli Laricani və ölkənin müdafiə naziri Əziz Nəsirzadənin Moskvaya səfəri də İrana “qorxma” deyənlərin kölgəsinə aydınlıq gətirir.
12 günlük müharibədə Rusiya və Çin strateji tərəfdaşları İranı, demək olar ki, müdafiə etmədi. Çin İslam Respublikasındakı obyektlərə də təhlükə yarana biləcəyindən, habelə Tehranın addımlarını müdafiə edəcəyi halda Tayvanla bağlı əlavə problemlərlə üzləşəcəyindən ehtiyatalanaraq diplomatik davranışa üstünlük vermişdi. Elə rəsmi Moskva da artıq addım atmadı. O, “Su-35” qırıcıları və “S-400” zenit raket kompleksini İrana tədarük etməməklə “etibarlı” tərəfdaşlığını nümayiş etdirdi.
Belə ehtimal etmək olar ki, Tehran hakimiyyəti az itki verə biləcəyi yola üstünlük verməyə hazırlaşır. Çünki İsrail və ABŞ İrana qarşı hərbi əməliyyatları bərpa edəcəklərini istisna etmirlər. Belə halda İranın daha çox itki ilə üzləşəcəyi ehtimalı çoxdur. Danışıqlar isə bu zərbələrdən yayınmaq üçün ona fürsət verir. Odur ki, Tehranda reallaşmış məlum toplantı iyulun 25-də İstanbulda keçiriləcək Avropa üçlüyü (Böyük Britaniya, Almaniya və Fransa) xarici işlər nazirlərinin müavinləri ilə iranlı həmkarlarının görüşə hazırlığı da sayılır.
Bu, İran, Rusiya və Çinin məsələ üzrə Qərblə danışıqlara vahid mövqe nümayiş etdirmək istəyindən xəbər verir.
Avropa “üçlüyü” nüvə sazişini imzalamaq üçün İrana avqustun sonunadək möhlət verir. Əks halda, BMT Təhlükəsizlik Şurasının 2015-ci ildə Əhatəli Razılaşma Müqaviləsi ilə ləğv edilmiş, yaxud dayandırılmış bütün sanksiyalar bərpa ediləcək.
İran hakimiyyəti avropalıların AEBA-nın nüvə obyektlərinə buraxılması ilə bağlı şərtinə artıq əməl edəcəklərini bildirir. Onların başqa şərti isə 400 kq-dan artıq zənginləşdirilmiş uranın ölkədən çıxarılmasına razılıq verməsidir. Ola bilsin, Tehran bu məsələni də Rusiya və Çinlə müzakirə edərək, onlardan uranın ərazilərində saxlanılmasına razılıq vermələrini istəyib.
İran hakimiyyəti iyulun 25-də ölkənin taleyüklü məsələsinə aydınlıq gətirə bilər. Tehran ya iddialarından əl çəkib ABŞ-nin, Avropa üçlüyünün təkliflərini qəbul edəcək, ya da hikkəli, ritorik açıqlamalarla ölkənin düşdüyü ağır vəziyyəti böhrana sürükləyəcək. Ona görə də Tehranın rəsmi nümayəndələri ABŞ ilə dialoqa hazır olduqlarını açıqlamaqla nüvə proqramında güzəşti qəbul edəcəklərinə eyham vururlar.
AEBA ilə əməkdaşlığın bərpası da İslam Respublikası rəhbərliyinin Qərbə “danışıqlara başlamaq” işarəsidir. Rəsmilərin “biz İran xalqını diplomatik üsuldan istifadədən məhrum edə bilmərik” açıqlaması Tehranın müharibəyə deyil, danışığa hazır olduğunu göstərir. Elə Prezdent Məsud Pezeşkinanın “Donald Tramp (ABŞ Prezdenti-red.) İranın nüvə silahına sahib olmamasının vacibliyini söyləyir, biz də bunu qəbul edirik” açıqlamsı da Ağ evə “gəlin danışaq” ismarışı kimi yozula bilər.