Çin və Hindistan 5 il əvvəl kəsilən yerli istehsal mallarının sərhəd ticarətini bərpa etməyə hazır olduqlarını bildiriblər.
1xeber.media xəbər verir ki, bu barədə Bloomberg öz mənbələrinə istinadən məlumat yayıb.
Çin Xarici İşlər Nazirliyi açıqlayıb ki, Pekin bu məsələdə “Hindistanla qarşılıqlı əlaqəni və koordinasiyanı gücləndirməyə hazırdır”, çünki onun qərarı “iki ölkənin sərhədyanı ərazilərinin sakinlərinin həyatının yaxşılaşdırılmasında mühüm rol oynayır”.
Agentliyin xatırladdığı kimi, tərəflər Himalay dağlarında təxminən 3,5 min kilometrə qədər uzanan sərhəddəki xüsusi məntəqələr vasitəsilə otuz ildən artıqdır ki, ədviyyatlar, xalçalar, mebellər, heyvan yemi, keramika, dərman bitkiləri, elektrik cihazları və yun ticarəti aparırlar.
Bu cür əməliyyatlar üçün nəzərdə tutulan məntəqələr yarım əsrdən artıqdır mübahisəli olan sərhəddəki toqquşmalar səbəbindən ölkələr arasında münasibətlərin kəskin şəkildə pisləşməsi ilə üst-üstə düşən koronavirus pandemiyasının əvvəlində bağlanıb.
2024-cü ilin payızında Hindistan sərhəd patrullarının bərpası üçün Çinlə razılığa gəldiyini açıqladı. Həmçinin bu yaxınlarda açıqlanıb ki, ABŞ prezidenti Donald Tramp administrasiyasının ticarət tarifləri ilə bağlı təzyiqləri fonunda Hindistanın baş naziri Narendra Modi 2019-cu ildən bəri ilk dəfə avqustun sonunda Çinə səfər edəcək.