1news.media Fen-şuy ustası Ülviyyə Məcidovanın Teleqraf-a müsahibəsini təqdim edir:
- Fen-şuy təlimininin mahiyyəti və əsas prinsipləri nələrdir? Bu elm harada və necə yaranıb?
- Təlim Çində yaranıb, fen - külək, şuy - su deməkdir. Təlimdə məqsəd məkanlarda bu enerjinin harmoniyasını təmin etməkdir ki, həyat, sağlamlıq və uğur üçün müsbət təsir yaransın. Enerji dağlarda yaranır və suyun qarşısında dayanır. Su ilə dağın arasındakı məsafədə enerji yüksək olur. Fen-şuy elmdir. O, 3 elm sahəsini ehtiva edir: fizika, coğrafiya və həndəsə. Qədim Çində bu elm yalnız imperatorların və yüksək rütbəli şəxslərin istifadəsində olub. Tang və Di sülalələrinin dövründə geniş tətbiq edilib. Hakim sülalərin şəxsi məsləhətçiləri mövcud idi. Adi insanlar bu biliklərə yiyələnə bilmirdi. Bundan başqa, çinlilər bu elmi çox gizli saxlayır və xarici ölkələrlə paylaşmırdılar.
Ötən əsrin 80-ci illərində avropalıların bu elmi öyrənmək üçün maraq göstərdiyini görəndə, o zamankı Çin rəhbərliyi Fen-şuyu təhrif edən kitabların yazılması barədə göstəriş verdi. Məqsəd o idi ki, avropalılar bu təlimi sınasınlar və görsünlər işləmir, maraqlarını itirsinlər. Lilianto adlı müəllif belə bir yalan bilgilərlə zəngin kitab yazdı. Kitabdakı məlumatların həqiqi Fen-şuy ilə əlaqəsi yox idi və insanlara heç bir təsir göstərmirdi. Əsl Fen-şuy yalnız ustadlardan şagirdlərə ağızdan-ağıza ötürülür...
- Siz özünüz bu təlimi haradan öyrənmisiniz?
- Mən Fen-şuy təlimini Moskvada və Kiyevdə ustadlardan öyrənmişəm. Yan Qon, Vin Leo kimi ustadlardan dərs almışam. Bakıda bu sahənin yeganə mütəxəssisiyəm deyə iddia edə bilərəm.
- Fen-şuy təliminin prinsipləri daha çox inşaat və memarlıq layihələrində tətbiq olunur. Onun konkret təsirləri müşahidə edilirmi?
- Bəli, yaşayış binalarının, iş yerlərinin, obyektlərin harda, necə tikilməli olduğunu Fen-şuy prinsipləriylə müəyyənləşdirsəniz, insanlar həm xoşbəxt və sağlam ömür sürər, həm də yaxşı pul qazanarlar.
Bir də məzarlarla bağlı məqamlar var. Xüsusi qəbir işləri yalnız dövlət başçıları üçün edilir. Sizə bir hadisəni danışım: əslində metafizik düşüncəyə görə, Donald Trampın qismətində ABŞ prezidenti olmaq yox idi. Onun çox güclü Fen-şuy konsultantı vardı. Onun məsləhətiylə Trampın əvvəl atasının və yaxud babasının məzar daşı üzərində dəyişiklik edildi. Həmin dəyişiklikdən sonra bildirildi ki, müəyyən dövrdə Tramp prezident olacaq. Bu barədə hətta “Simpsonlar” cizgi filmində də eyham vurulmuşdu.
Başqa nümunələr də çəkə bilərəm. Bir xanım öz oğlu üçün Fen-şuy məsləhətçisinə müraciət etmişdi. Babasının məzar daşında dəyişiklik etdirərək, övladının yaxşı vəzifəyə keçməsini istəmişdi. Lakin 0,75 dərəcəlik düzgün bucaq seçilməmişdi. Nəticədə vəzifə istəyən oğul dünyasını dəyişmişdi.
Mən özüm qəbirlərlə məşğul olmuram və böyük işlərə müdaxilə etmirəm. Eləcə də uşağın doğulmasına qarışmıram. Bəzən valideynlər istəyirlər ki, övladlarının gözəl taleyi, varlı həyatı olsun. Bunun üçün uşağın doğum saatının seçilməsi tələb olunur. Amma mən buna qarışmıram, çünki bu, yalnız Allahın işidir.
- Bəzən iddia olunur ki, səhər saatlarında doğulan uşaqlar günün digər vaxtlarında - gündüz və ya gecə doğulanlara nisbətən daha xoşbəxt olurlar...
- Xeyr, düzgün deyil. Hər günün özünəməxsus yaxşı və pis vaxtları olur. Saatların da fərqi olur. Məsələn, səhərdən axşama gün ümumilikdə çətin sayılsa da, elə anlar olur, həmin saatda doğulan uşağın taleyi uğurlu alınır.