Mustafa Mehmandarov Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının dirijoru vəzifəsinə təyin olunub.
1xeber.media xəbər verir ki, bu barədə teatrdan məlumat verilib.
Mustafa Mehmandarov 1992-ci il iyunun 2-də Bakıda dünyaya göz açıb. O, 1998-2009-cu illərdə Ü. Hacıbəyli adına Bakı Musiqi Akademiyasının nəzdində Orta İxtisas Musiqi Məktəb-Studiyanın, mərhum professor Bayandur Mehdiyevin sinfində "skripka" aləti üzrə təhsil alıb, həmin məktəbin məzunudur. Daha sonra ixtisas müəllimi professor Zəhra Quliyeva olub.
Mustafa Mehmandarov skripkaçı kimi bir sıra beynəlxalq müsabiqələrin laureatıdır.
Dirijorluq üzrə ilk dərslərini görkəmli dirijor, Xalq artisti, professor Rauf Abdullayevdən almışdır. 2018-ci ildə Vyana Konservatoriyasının (Avstriya) "Opera-Simfonik Dirijorluğu" fakültəsini fərqlənmə diplomu ilə bitirən ilk azərbaycanlı dirijor olub.
Tanınmış simfonik orkestrlərin iştirakı ilə ABŞ, Böyük Britaniya, Almaniya, Avstriya, Fransa, İtaliya, Slovakiya, Finlandiya, Türkiyə, Monteneqro, Makedoniya, Bosniya və Herseqovina, Sebiya və bu kimi ölkələrdə konsert proqramları ilə çıxış edib.
Mehmandarovun repertuarına Avropa, rus klassikləri və həmçinin Azərbaycan bəstəkarlarının əsərləri daxildir.