Yeni Çağ Media Group-nun rəhbəri Aqil Ələsgər facebook sosial şəbəkəsində bir qrup şəxs tərəfindən hədəfə alındığını qeyd edib. 1xeber.media jurnalist Aqil Ələsgərin yazdığı statusu olduğu kimi təqdim edir:
AÇIQLAMA!!!
Həyat mənim üçün doğulandan hamar olmadı. Nəyə nail oldumsa, öz zəhmətimlə, iki əlim və beynimlə oldum. Və çox haqsızlıqlara məruz qaldım. Çox haqqım göz görə-görə başqasına verildi. Nəyi əldə etdimsə, uzun mübarizələr sonrası etdim. Burada özümün yaşam hekayəmi anlatmaq fikrindən uzağam. Dövlətimin ən təhlükəli düşmənləriylə çoxları onlardan faydalanarkən, mübarizə apardım. Buna görə çox linçlər, hücumlar gördüm.
Ancaq heç vaxt bu qədər mütəşəkkil və əclaf hücumla üz-üzə qalmadım. Etdiyi rəzilliyi cümlə aləmin gördüyü, Azərbaycan bayrağının qarşısında cinayət törədən birinin ortaya atdığı iddianı sahiblənən, eyni zamanda Azərbaycan dövlətinin mediaya ayırdığı imtiyazlarla əhatə olunan bir qrup şəxs məni intihar həddinə çatdırmağı hədəf seçib. Bəlkə də həyatımda gördüyüm ən çirkin, ən əxlaqsız zehniyyətin məhsulu olan bir hücumla üz-üzəyəm.
Mən jurnalist olmaqdan əvvəl bir Azərbaycan kişisiyəm və nəylə bağlı lazımsa mənəvi və hüquqi addımları atmışam və atmağa da davam edirəm. Və mənim ictimai fəaliyyətimlə əlaqəli olmayan hər hansı məsələylə bağlı qərarı verməyim də, hansı addım atmağım da kimsənin burnunu soxacağı kol da deyil. Ancaq bu mütəşəkkil qrup dayanmır, hər dəfə fərqli məkanlarda toplaşaraq, bir başqası tərəfdən mənə hücumlar təşkil edərək, intihar həddinə çatdırırlar.
Buradan bəyan edirəm ki, mənim, üç övladımın və xəstə anamın başına nəsə gələrsə, məsuliyyəti canını-sağlamlığını bu dövlətə xidmət yolunda itirən bir vətəndaşı acımsaızca intihar həddinə çatdıran o şəxslərin, ən başlıcası azyaşlı şəxsə təcavüz, narkotik maddələrdən istifadə və Azərbaycan bayrağını təhqir suçu törətdiyi halda imtiyazlarla mükafatlandırılıb, üstümə hürdürülən şəxsin üzərindədir.
Bu əxlaqsız hücumlarla bağlı da ölkə başçısına müraciət etdiyimi də nəzərinizə çatdırıram.
Qeyd: Hücumları dayandırmasalar o rəzillərin adlarını açıq şəkildə buradan bəyan edəcəyəm. Ancaq bu sürəc içərisində başıma nəsə gələrsə, bu şəxslərin adları və mənə qarşı yürütdükləri çirkin kampaniya ilə bağlı bütün ayrıntılar onların təxmin edə bilmədiyi şəxslər tərəfindən hüquq-mühafizə orqanlarına təqdim ediləcəkdir.