Oktyabrın 17-də “Azərişıq” ASC-nin sədri Vüqar Əhmədov Şamaxı Elektrik Şəbəkəsinin inzibati binasında Şamaxı və Qobustan rayonlarından olan vətəndaşlarla görüşüb.
1xeber.media xəbər verir ki, qəbul mərkəzi icra hakimiyyəti orqanları və digər idarəetmə qurumlarının rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə əsasən keçirilib.
Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin Şamaxı şəhərindəki abidəsi ziyarət olunaraq önünə gül dəstələri qoyulub, xatirəsi ehtiramla yad edilib.
Qəbul zamanı “Azərişıq” ASC-nin fəaliyyət istiqamətlərinə uyğun olan müvafiq müraciətlər cavablandırılıb, qaldırılan bəzi məsələlərin yerindəcə həlli ilə bağlı tədbirlər görülüb. Həlli araşdırma tələb edən məsələlərlə əlaqədar yazılı müraciət qeydə alınaraq aidiyyəti şöbələrin icraatına göndərilib.
“Azərişıq” ASC ölkənin bütün regionlarında mütəmadi olaraq maarifləndirici tədbirlər həyata keçirir. Bölgələrdə vətəndaşlarla görüşlər təşkil olunur, onların təklif və tövsiyələri dinlənilir. Məqsəd abonentlərin dayanıqlı və fasiləsiz elektrik enerjisi ilə təmin olunması, elektrik enerjisi itkilərinin minimuma endirilməsidir.