
Keçmiş maliyyə naziri (1999-2006) Əvəz Ələkbərovun Modern.az saytına verdiyi, sonradan bir çox saytlarda təkrar dərc olunan müsahibəsində maraqlı məqamlar var.
Əvvəla, onu qeyd edək ki, bu şəxsin adı odioz, oliqarx nazirlərdən biri kimi çıxmayıb. Hər halda bir çox həmkarlarından fərqli olaraq barəsində təsdiqlənmiş və ya təsdiqlənməmiş ifşaedici materiallar, söz-söhbətlər yoxdur. Özlüyündə bu xırda məsələ deyil.
İkincisi, Əvəz Ələkbərov ondan Ramiz Mehdiyevlə bağlı soruşan jurnalistin sualına cavab olaraq kəmfürsətlik etmir, artıq “cümlə xəyanətlərə bais” obrazı qazanmış akademikə zərbə endirmir, özünün vəzifədən uzaqlaşdırılmasının baiskarının Eldar Mahmudov olduğunu deyir. Halbuki o da vaxtilə R.Mehdiyev tərəfindən xor görüldüyünü deyə bilərdi.
Üçüncü maraqlı məqam Ə.Ələkbərovun E.Mahmudov barədə dedikləridir. Ləğv edilmiş MTN-nin vəzifəsindən gecəylə götürülmüş rəhbəri vəzifəyə dünən təyin olunsa da, 6 ildən bəri dövlətin maliyyə siyasətini yürüdən veteran naziri təqib və təhdid edirmiş.
Bu, onu göstərir ki, keçmişdə DİN-də sosialist əmlakını dağıdanlarla mübarizə aparan, el arasında “Oboxeyis” (ruscada – OBXSS, ana dilimizdə SƏDM idarəsi) adlanan qurumda çalışmış Mahmudov yeni vəzifəsində köhnə meyarları tətbiq edir, dövlətin mühüm strukturunu bir zamanlar Lavrenti Beriyanın tətbiq etdiyi metodla işlədirmiş. Bu, ölkədə bütün vəzifələrin fövqündə durmaq, hər kəsə nəzarət etmək və onları sözsüz itaətdə saxlamaq metodudur. Sadəcə, Mahmudov bunu dövlətin sütunlarını, möhkəmliyimi qorumaq üçün etməyib, öz şəxsi hakimiyyətimi və digər ambisiyalarını təmin etmək məqsədilə edib.
Ə.Ələkbərovun müsahibəsindəki ən maraqlı məqam isə iki nazirin R.Mehdiyevdən çəkinmədiyini, necə deyərlər, onu saymadığını, əksinə, R.Mehdiyevin onlardan çəkindiyini deməsidir. Sabiq maliyyə naziri həmin şəxslərin adını da çəkir – keçmiş (1993-2005) səhiyyə naziri Əli İnsanov və sabiq (1996-2006) əmək və sosial təminat naziri Əli Nağıyev.
Əvəz müəllimin sözlərinə şübhə etmək üçün əsas yoxdur. O illərdə fəaliyyət göstərən siyasətçilər və jurnalistlər də təsdiq edərlər ki, bu iki şəxs doğrudan da ötkəm idilər.
Bu imtiyaz onların keçmiş xidmətlərinə görəydi. Hər ikisi mərhum Heydər Əliyevin hakimiyyətə gəlməsində və postunda möhkəmlənməsində xüsusi rol oynamışdılar. Onların gələcək karyeraları ilə bağlı ambisiyaları da vardı – parlamentin sədri və ya baş nazir olmaq istəyir, Əliyevdən sonra dövlət başçısı olmaq niyyəti daşıyırdılar, hətta öz aralarında çəkişirdilər. Onlar üçün R.Mehdiyev, təbii ki, sözəbaxan icraçıdan başqa bir şey deyildi. Bəlkə də onlar düşübürdülər ki, özləri hakimiyyətə gəlsələr, R.Mehdiyevi dəftərxana işlərini, kadr kastinqini yaxşı bildiyi üçün vəzifəsində saxlasınlar.
Əli İnsanov və Əli Nağıyevin hakimiyyətin, eləcə də hakim Yeni Azərbaycan Partiyasının favoritlərindən biri olduğu dövrdə R.Mehdiyev sönük obraza malik idi. Heç kəs onu həmin vaxt tutduğu vəzifədən daha böyük vəzifəyə layiq görmürdü.
Əslində R.Mehdiyevin nüfuz dairəsi 2003-cü ildən sonra yavaş-yavaş genişlənməyə başladı. O zamandan sonra “köhnə qvardiya”nın üzvləri bir-biri vəzifələrindən götürüldükcə, R.Mehdiyevlə hesablaşanlar, ona biət edənlər artmağa başladı.
Bu baxımdan Əvəz Ələkbərov düz deyir, adları çəkilən nazirlər R.Mehdiyevi özlərinə rəhbər saymırdılar.
Bəs bu işin axırı nə oldu? Bu saymazlığın, qorxmazlığın axırı o oldu ki, R.Mehdiyev ikisinin də “torba”sini tikdi, Əli İnsanov 2005-ci ildən başlayaraq, ömrünün ən yaxşı illərini 13,5 il boyunca həbsxanada keçirdi. Əli Nağıyev isə 2006-cı ildə Azərbaycanın Belarusda səfiri təyin edilərək, fəxri sürgünə göndərildi.
Hazırda onların hər ikisi aktiv siyasətdən uzaqlaşmış, bir növ guşənişin həyat keçirirlər. R.Mhediyev isə bu gün 2 aydır ki, ölkə gündəminin baş personajıdır.
Onun “hansısa zavodun kadrlar şöbəsinin rəisi” vəzifəsindən artıq vəzifəyə yaramadığını deyənlər də yanılır. Fakt budur ki, bu şəxs 20 il ölkədə yüzlərlə kadrın yerbəyer edilməsi ilə məşğul olub və onları itaətdə saxlamağı bacarıb.
Bəstə boyuna baxmayın, R.Mehdiyev balaca adam deyildi.
Xalid Kazımlı















