Cari ilin yanvar–noyabr aylarında Azərbaycandan Fransaya 143,1 milyon ABŞ dolları dəyərində 281,1 min ton həcmində bitumlu süxurlardan əldə edilən xam neft və neft məhsulları ixrac olunub.
Dövlət Gömrük Komitəsinin açıqladığı xarici ticarət statistikasına əsaəsn bu göstərici 2024-cü ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 86 milyon ABŞ dolları və ya 2,5 dəfə, həcm ifadəsində isə 191,3 min ton və ya 3,1 dəfə çoxdur.
Qeyd olunan dövrdə Fransa Azərbaycanın ən çox neft ixrac etdiyi ölkələr sırasında 12-ci yeri tutub. Ötən ilin eyni dövründə isə57 milyon 147.28 min dollarlıq 89 844.28 tonla 20-likdən kənarda idi. Onu da qeyd edək ki, cari ilin yanvar–noyabr aylarında Azərbaycandan dünyanın 21 ölkəsinə bitumlu süxurlardan əldə edilən xam neft və neft məhsulları ixrac olunub. İxracın həcmi 22,1 milyon ton, ümumi dəyəri isə 11,5 milyard ABŞ dolları təşkil edib. Məlumata əsasən, 2024-cü ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində bu göstərici 1,8 milyard ABŞ dolları və ya 13,5 faiz azalıb, fiziki ifadədə isə 576 min ton və ya 2,7 faiz artım qeydə alınıb.
Qeyd edək ki, Fransa uzun illər boyu Azərbaycandan ən çox neft alan ölkələrin 10-luğunda olub. Bu ölkənin enerji şirkətləri Bakı neftini həvəslə alıblar. Lakin 2020-ci ildə Azərbaycanın Vətən Müharibəsində qalib gələrək torpaqlarını erməni işğalından azad etməsi Fransadakı ermənipərəst qüvvələrin böyük narazılıq və narahatlıqlarına səbəb oldu. Sonrakı 3 ilə yaxın dövrdə Fransa parlamentində ölkəmiz əleyhinə bir neçə sənəd qəbul edilsə də, rəsmi hökumət səviyyəsində kəskin ritorika nümayiş etdirilməyib. Lakin 2023-cü ilin sentyabrında antiterror əməliyyatı ilə Qarabağ ərazisindəki erməni hərbi birləşmələrinin tam sıradan çıxarılması, ərazidə Azərbaycanın suveren hüquqlarının tam bərpası Fransanın ölkəmizə qarşı açıq hücumlarına səbəb olub, Paris əlində olan bütün imkanlardan ölkəmizə qarşı istifadə etməyə çalışıb.
Azərbaycan isə müxtəlif bölgələrdə Fransanın müstəmləkə siyasətinə qarşı etirazları dəstəkləmək, eyni zamanda Avropada siyasi ağırlığın digər ölkələrin, xüsusilə də Almaniyanın üzərinə istiqamətləndirməklə Parisə cavab verib.
Bunun nəticəsində Azərbaycanın Fransa ilə qarşılıqlı ticarətində ciddi azalma qeydə alınıb. Xatırladaq ki, 2023-cü ilin yekununda Fransa ilə qarşılıqlı ticarətin həcmi 133 milyon 219.50 min dollar ixrac, 403 milyon 51.97 min dollar idxal olmaqla 536 milyon 271,47 min dollara qədər artmışdı. 2024-cü ildə isə qarşılıqlı ticarət Azərbaycandan 96 milyon 304.09 min dollarlıq ixrac, Fransadan 235 milyon 308.66 min dollarlıq idxal olmaqla, 331 milyon 612,75 min dollara qədər azalıb.
Müqayisə üçün qeyd edək ki, 2022-ci ilin yekununda illik dövriyyə 273 milyon 834,22 min dollar olub. Bunun 50,9 milyon dolları Fransanın idxalının, 222,8 milyon dolları Azərbaycanın idxalının payına düşüb. 2021-ci ildə qarşılıqlı dövriyyə 245 milyon 463 min dollar olmuşdu.
Azərbaycanın Fransadan idxalının mühüm hissəsini insulin tərkibli və digər dərman preparatları, ətir və kosmetik vasitələr, tərkibində aktiv komponent kimi qiymətli metallar və ya onun birləşmələri olan katalizatorlar, Tərkibində digər bitumlu minerallardan və onların duzlarından alınmış tiofenləşmiş yağlar, bitumlu süxurlardan əldə edilmiş yağların tiofenləşdirilmiş sulfoturşuları və onların duzları, kənd təsərrüfatı texnikası, rabitə avadanlıqları və sair təşkil edir.
Fransaya ixracda isə neft və neft məhsulları aparıcı paya malikdir.
Maraqlıdır ki, parlamentdən səsləndirilən çoxsaylı çağırışlara baxmayaraq, Fransanın TotalEnergies şirkəti Azərbaycanın ikinci böyük qaz yatağı olan “Abşeron”da, həmçinin Bakı-Tiflis-Ceyhan əsas ixrac boru kəmərində iştirakını davam etdirib.
"Abşeron" yatağı Azərbaycan geoloqları tərəfindən 1960-cı illərdə kəşf edilib. Yataqda qaz həcminin 350 milyard kubmetr olduğu bildirilir. Bu, Xəzər dənizində "Şahdəniz" yatağından sonra ikinci böyük qaz yatağıdır. "Abşeron" yatağı üzrə 2009-cu ildə Fransanın "Total" şirkəti ilə Azərbaycan Dövlət Neft Şirkəti arasında hasilatın pay bölgüsü sazişi imzalanıb. 2011-ci ilin sentyabrında "Total" şirkəti "Abşeron" yatağında böyük qaz ehtiyatlarının kəşf edildiyi barədə məlumat yayıb.
Yataqdan ilk qaz 2023-cü ilin iyulunda əldə olunub. Elə həmin ilin avqustunda Abu Dabi Milli Neft Şirkəti (ADNOC) ilə "Abşeron" qaz-kondensat yatağında 30 faizlik iştirak payının alınmasına dair Saziş imzalanıb. Satınalma tamamlandıqdan sonra SOCAR və "TotalEnergies" şirkətlərinin hər birinin iştirak payları müvafiq olaraq 35 faiz təşkil edir.
Yatağın işlənməsinin birinci mərhələsində ildə 1,5 milyard kubmetr qaz və 750 min ton kondensat hasilatı nəzərdə tutulur. Növbəti illərdə isə burada illik hasilatın ən azı 4 milyard kubmetrə qədər artırılacağı gözlənilir.
Bakıdan neft alışını azaltsa da, ötən il Fransa Azərbaycan iqtisadiyyatına birbaşa xarici investisiyaları 121,91 milyon ABŞ dollarına çatdırıb. Azərbaycan Mərkəzi Bankının açıqladığı statistikaya əsasən il ərzində investisiyaların həcmi 25,11 dəfə və ya 117,056 milyon ABŞ dolları artıb.
Öz növbəsində, Azərbaycan ötən il Fransa iqtisadiyyatına 19,224 milyon ABŞ dolları (2,43 faiz azalma) sərmayə qoyub.
Onu da qeyd edək ki, 2023-cü ildən sonra Fransanın Azərbaycana münasibətində yumşalma müşahidə olunur. Əgər 2020 - 2023-cü illərdə Bakıya münasibətdə “işğalçı” kimi ifadələr işlədilirdisə, 2024-cü ildən etibarən belə ifadələr rəsmi ritorikadan tamamilə çıxarılıb. 2025-ci ilin martında isə Fransa Xarici İşlər Nazirliyi rəsmi şəkildə bəyan edib ki, Paris Aİ-nin Bakı ilə İrəvan arasında sülh danışıqlarına dəstək verir - lakin özü vasitəçilik iddiasından imtina edir. Bu yumşalma 2025-ci ildə münasibətlərdə yenidən canlanmaya keçib. Belə ki, bu ilin yanvar-noyabrında iki ölkə arasında qarşılıqlı ticarətin həcmi 387 milyon 478.09 min dollara qədər artıb. Bu, ötən ilin eyni dövründəki 278 milyon 704.68 min dollarlıq ticarətdən 40 faizə yaxın çoxdur.
Qeyd edək ki, xüsusilə Azərbaycanla Ermənistan arasında avqust ayında Ağ Evdə imzalanan sənədlər, ondan sonra iki ölkə arasında iqtisadi əlaqələrin bərpası istiqamətində atılan ilkin addımlar Parisdən açıq dəstək almaqdadır.
Yeri gəlmişkən, noyabr ayından etibarən Azərbaycan öz ərazisindən Ermənistana taxıl yüklərinin daşınmasına icazə verib. Bu yüklər həm Rusiyadan, həm də Qazaxıstandan göndərilib. Bir gün əvvəl isə Ermənistanla Azərbaycan arasında birbaşa ticarət əlaqəsi bərpa olunub. Belə ki, dekabrın 17-dən etibarən Azərbaycandan Ermənistana ilk dəfə olaraq neft məhsullarının ixracına başlanılıb. SOCAR tərəfindən istehsal olunan Aİ-95 markalı benzinin 22 vaqondan ibarət 1220 tonluq ilk partiyası Böyük Kəsik istiqamətində yola salınıb. Yük Gürcüstan vasitəsilə Ermənistana göndəriləcək.
Qeyd edək ki, Azərbaycan neft məhsullarının Ermənistana ixracı ilə bağlı razılaşma 28 noyabr tarixində Qəbələ şəhərində keçirilən görüş zamanı əldə olunub. Həmin görüşdə Azərbaycan və Ermənistanın baş nazir müavinləri – Şahin Mustafayev və Mher Qriqoryan iştirak ediblər.
Göründüyü kimi, Cənubi Qafqazın iki ölkəsi arasında bir neçə onillik davam edən müharibə və sıfır iqtisadi əməkdaşlıq yerini tədricən siyasi-iqtisadi əlaqələrə verir. Bu proses Fransa və onun kimi erməni separatizminə havadarlıq edən ölkələr üçün mühüm siqnaldır. Onlar artıq Cənubi Qafqazda formalaşan reallıqları qəbul edərək, bu bölgədə davamlı sülhün iqtisadi əməkdaşlıqla möhkəmləndiriləcəyini anlamalıdılar.

















