Ölkəmizdə fəaliyyət göstərən bankların bir çoxu müştəri cəlb etmək və kredit götürənlərin sayını artırmaq üçün olduqca cəlbedici reklam sərlövhələrindən istifadə edir. Müxtəlif SMS-lər, sosial şəbəkə reklamlarında olduqca sərfəli şərtlərlə aşağı faizli və aylıq maaşın hətta 24 mislinədək kreditlər olduqca sadə qaydalarla təklif olunur.
Bəs görəsən, bu vədlər nə dərəcədə realdır
Mövzu ilə bağlı Yenisabah.az-a danışan iqtisadçı-ekspert Xalid Kərimli bildirib ki, nəzərdə tutulan təklif heç də hamı üçün deyil:
“Bunlar hamısı bankların reklam sərlövhələridir. Kredit faizlərini 9.9 faiz edik, maaşın 24 misli kədər kredit məbləği və s. Lakin bunlar ən pik nöqtələrdir. Bu nüanslara çatmaq üçün çoxlu meyarlar var. Mağazaların bir çoxu da məhsullarında 60-70 faiz enidirim kampaniyası edir. Amma bu hər məhsulu əhatə etmir. Götürüb 1-2 məhsulu ucuzlaşdırılar və bunu ümumi reklam şüarına çevirirlər. Əlbəttə, onlar üçün belə reklam şüarından istifadə etmək qanuni olur. Banklar da bu cür edir. Hansısa bir müştərinin bankdan bu qədər yüksək kredit götürməsi üçün çoxlu şərtlər var. Mərkəzi Bankın istehlak kreditlərində məhdudiyyətləri var. 1 şəxsin aylıq kredit ödənişi onun aylıq gəlirinin 40 faizindən çox ola bilər. Bu qaydaya bank mütləq şəkildə riayət etməlidir. Bunu bank 40 faizdən 70 faizə qaldıra bilər, amma o halda ki, əlavə ehtiyatlar və girovlar təmin etməlidir”.
Ekspert xatırladıb ki, son 1 il ərzində kredit faizlərində 2 faiz bahalaşma olub:
“Hazırda banklar əllərində çıraqla kredit tarixçəsi təmiz olan, kredit yükü olmayan müştərilər axtarır. Belə elanların çoxu da məhz belə müştərilər tapmaq üçündür. Düzdü, banklar krediti 9.9 faizlə təklif edir, amma həmin o banklar 1 illik depoziti 12 faizə götürür. Bank 12 faizə depozit götürüb 9.9 faizə yəqin ki, verməz. Qısamüddətli kreditlər və istehlak kreditləri daha baha olur. Ümumiyyətlə son 1 il ərzində kredit faizlərində ən az 2 faiz bahalaşma var. Bu da Mərkəzi Bankın apardığı siyasətin nəticəsidir. Amma bank özü bir müəssisədir və pullarını satmalıdır. Ona görə də bu cür reklamlara müştəri cəlb etməyə çalışırlar”