Bakı Ekspo Mərkəzində sayca 19-cu Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı Sərgisi (“Caspian Agro”) və 31-ci Azərbaycan Beynəlxalq Qida Sənayesi Sərgisi (“InterFood Azerbaijan”) öz işinə başlayıb.
1xeber.media-nın məlumatına görə, sərginin açılışında çıxış edən kənd təsərrüfatı naziri Məcnun Məmmədov bildirib ki, ölkəmizdə aqrar sektorun inkişafı dövlət siyasətinin əsas prioritet istiqamətlərindən biridir.
Nazir qeyd edib ki, Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü islahatlar kənd təsərrüfatının modernləşdirilməsinə, fermerlərin rifahının yüksəldilməsinə və aqrar istehsalın rəqabət qabiliyyətinin artırılmasına xidmət edir.
Regionun aparıcı aqrar platformalarından biri kimi mövqeyini möhkəmləndirmiş “Caspian Agro” sərgisi bu il yeni konseptual yanaşma - “Caspian Agro Week” formatında təşkil olunur. Bu yanaşma çərçivəsində sərgi yalnız məhsul və texnologiyaların nümayişi ilə məhdudlaşmır, sektorun müxtəlif istiqamətlərini əhatə edən forumlar, həmçinin ölkədə fəaliyyət göstərən iri ixtisaslaşmış innovativ təsərrüfatlara təşkil olunan səfərləri özündə birləşdirir. Bu il tədbirin “Caspian Agro Week” formatında keçirilməsi forumlar, panel müzakirələri və işgüzar görüşlər vasitəsilə aqrar sahənin aktual məsələlərinin daha geniş şəkildə müzakirəsinə imkan yaradır. Bu platforma dövlət, özəl sektor, elm və innovasiya nümayəndələri arasında səmərəli əməkdaşlığın gücləndirilməsinə, beynəlxalq təcrübə mübadiləsinin genişləndirilməsinə xidmət edir.
Builki sərgidə Kənd Təsərrüfatı Nazirliyi geniş və çoxşaxəli konsepsiya əsasında hazırlanmış stendlə çıxış edir. Nazirliyin stendində aqrar sahədə dövlət tərəfindən həyata keçirilən dəstək mexanizmləri, innovativ texnologiya və layihələr, rəqəmsal həllər, müasir soyutma sistemləri və avadanlıqları, çiləyici və multispektral dronlar, azad edilmiş ərazilərdə fəaliyyətə başlayan təsərrüfatların kənd təsərrüfatı məhsulları, heyvandarlıq və bitkiçilik məhsulları, arıçılıq məhsulları, startap təşəbbüsləri və regionlarda həyata keçirilən aqrar biznes festivalları nümayiş olunur. Sərgidə “Smart Agro” istiqaməti üzrə süni intellekt, ağıllı kənd, startaplar, robototexnika, pilotsuz uçuş aparatları və “green agro” bölmələri də təqdim olunur. Stenddə fermerlərin, sahibkarların və digər sərgi ziyarətçilərinin aqrar sahədə mövcud dəstək alətləri barədə məlumatlandırılması məqsədilə müxtəlif dövlət qurumları və özəl sektor nümayəndələrinin iştirakı təmin edilib.
Bundan başqa, sərgilər çərçivəsində Azərbaycanın müxtəlif regionlarından olan fermerlər üçün xüsusi turlar təşkil olunacaq. Bu il 50-dən artıq bölgədən 1000-dən çox fermer sərgini ziyarət edəcək.
Qeyd edək ki, “Caspian Agro Week” çərçivəsində aqrar sahənin aktual mövzularının müzakirəsinə həsr olunmuş müxtəlif forumlar keçiriləcək, panel sessiyalar təşkil olunacaq.

























