Xaçmaz Rayon İcra Hakimiyyəti 1xeber.media-da qurumla bağlı yayımlanan iddialara rəsmi açıqlama verib. Qurum mediada yer alan məlumatların tamamilə həqiqətdən uzaq olduğunu bəyan edib.
İcra Hakimiyyətindən verilən rəsmi məlumatda bildirilir ki, rayondakı çoxmənzilli yaşayış binalarının dam örtüklərinin və fasadlarının əsaslı təmiri tam şəffaf icra olunur. Qeyd edilib ki, nəzərdə tutulan bütün işlər qanunvericiliyin tələblərinə uyğun olaraq, açıq satınalma (tender) proseduru çərçivəsində həyata keçirilir.
Qurum mediada səslənən ittihamları rədd edərək, ayrılan maliyyənin birbaşa vətəndaşların rifahına yönəldiyini vurğulayıb:
“Sözügedən vəsait hər hansı şəxsi məqsəd üçün deyil, rayon sakinlərinin yaşayış şəraitinin yaxşılaşdırılması, binaların mövcud vəziyyətinin təhlükəsiz və yararlı hala gətirilməsi məqsədilə nəzərdə tutulub”.















