Polşanın müdafiə naziri Vladislav Kosinyak-Kamış Rusiyanın ölkəsinə hücum edəcəyi ilə bağlı ehtimalları real hesab etmədiyini bildirib.
1xeber.media xəbər verir ki, nazir bu barədə RMF FM radiosuna müsahibəsində danışıb.
“Ukraynada olduğu kimi genişmiqyaslı münaqişənin Polşaya qarşı başlaya biləcəyini göstərən heç bir proqnoz yoxdur”, – deyə Kosinyak-Kamış bildirib.
Bununla yanaşı, nazir Rusiyanı yeni təxribatlar hazırlamaqda, həmçinin diversiya və təbliğat fəaliyyətini gücləndirməkdə ittiham edib.
Bundan əvvəl Polşanın xarici işlər naziri Radoslav Sikorski də Rusiyaya münasibətdə sərt bəyanatla çıxış etmişdi. O bildirmişdi ki, Varşava mümkün təhdidlərə hazırdır və ölkənin hərbi potensialı sürətlə artır.
Qeyd edək ki, Polşa rəsmilərinin Rusiyaya yönəlik ittihamları Moskva tərəfindən dəfələrlə rədd edilib. Rusiya tərəfi NATO ölkələrinə qarşı hücum planlaşdırdığı barədə iddiaları qəbul etmir.















