“Polşa ərazisində Rusiyaya məxsus olduğu deyilən PUA-ların vurulması ilk baxışdan texniki insident kimi görünsə də, əslində həm siyasi, həm də hərbi müstəvidə ciddi nəticələr doğura biləcək potensiala malikdir. Polşa tərəfi hava məkanını pozan dronları zərərsizləşdirərək qətiyyət nümayiş etdirib və dərhal NATO rəhbərliyi ilə əlaqə saxlayıb. Bu yanaşma isə göstərir ki, Varşava baş verənləri təsadüfi epizod yox, regional təhlükəsizlik sisteminə təhdid kimi qiymətləndirir”.
1xeber.media xəbər verir ki,vbu sözləri Globalinfo.az-a deputat Elçin Mirzəbəyli deyib.
O bildirib ki, məsələnin ən kritik tərəfi Rusiyanın niyyətlərinin aydın olmamasıdır:
“Ukrayna açıq şəkildə bildirir ki, Rusiya dronları onların hava məkanını keçərək Polşaya daxil olub. Bu isə Kremlin Ukraynaya dəstək verən ölkələri təzyiq altında saxlamaq üçün qeyri-müəyyənlik və qorxu mühiti yaratmaq taktikasına uyğun gəlir.
Əslində Rusiyanın Polşaya qarşı birbaşa müharibəyə başlaması ehtimalı olduqca zəifdir. NATO-nun kollektiv müdafiə prinsipi belə bir ssenarini Moskva üçün intihar addımına çevirə bilər. Ukraynada mövcud hərbi vəziyyət də göstərir ki, Rusiya resurs baxımından ciddi çətinliklərlə üz-üzədir. Bu şəraitdə NATO ilə açıq müharibəyə girmək rasional qərar ola bilməz. Əksinə, hadisə daha çox psixoloji və siyasi təzyiq məqsədi daşıyır. Kremlin əsas hədəfi Avropa ictimaiyyətinə “Ukraynaya dəstəyin qiyməti çox böyük ola bilər” mesajını verməkdir”.
Politoloq qeyd edib ki, bu cür insidentlərin əks-təsir də doğurması mümkündür:
“ABŞ konqresmenlərinin sərt açıqlamaları, NATO rəhbərliyinin mövqeyi və Polşanın qətiyyəti göstərir ki, Rusiya təhlükəsi Avropanı daha da birləşdirə bilər. Dronların Polşa hava məkanına daxil olması Ukraynaya yardımı zəiflətmək əvəzinə, onu gücləndirmək üçün əlavə arqument kimi istifadə edilə bilər.
Beləliklə, mövcud vəziyyət açıq müharibədən daha çox siyasi psixoloji təzyiqin elementidir. Rusiya Polşaya qarşı hərbi əməliyyat başlatmaq gücündə və marağında deyil, amma qeyri-müəyyənlik yaratmaqla Qərbin qərarverici dairələrinə təsir göstərməyə çalışır. Nəticə etibarilə, bu hadisə beynəlxalq münasibətlərdə yeni gərginlik mərhələsi yaratsa da, Rusiyanın NATO ölkəsinə qarşı real müharibə elan etməsi indiki şəraitdə olduqca az ehtimal olunur”.