Kənd təsərrüfatının inkişafından danışarkən torpaq, toxum, texnika və subsidiyalar qədər bəlkə də onlardan daha vacib bir amili – suyu nəzərə almaq lazımdır.
Bu baxımdan, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin Regional Su Meliorasiya Xidmətinin fəaliyyəti yalnız suvarmanın təşkili deyil, dövlətin aqrar siyasətinin sahədəki real nəticələrindən biri kimi qiymətləndirilməlidir.
Ötən illərlə müqayisədə bu il təsərrüfatların su təminatında müəyyən yaxşılaşmaların olması, əkin sahələrinin növbəli qaydada da olsa suvarılmasının normaya uyğunlaşdırılması fermerlərin fəaliyyətinə və məhsuldarlığa birbaşa təsir göstərir. Bunun nəticəsinin günəbaxan, qarğıdalı və digər mövsümi bitkilərin biçinində gözlənilən artımlarda özünü göstərməsi təqdirəlayiq olardı.
Subartezian quyularının sayının məhdudluğuna baxmayaraq, təsərrüfatların yeraltı sulardan istifadə etməsinə şərait yaradılması da mövcud su ehtiyatlarından səmərəli yararlanmaq baxımından mühüm addımdır.
Amma burada başqa bir məsələni də açıq danışmaq lazımdır: su təsərrüfatı təkcə suyu çatdırmaq deyil, həm də əkinçiliyi mövcud su potensialına uyğun planlaşdırmaqdır.
Bəzi hallarda ərazinin real su təminatı imkanları nəzərə alınmadan əkin aparılır, əkindən əvvəl yerli su və meliorasiya sistemlərinin istismar idarələri ilə lazımi məsləhətləşmələr keçirilmir. Sonra isə əkin sahəsi artıq salındıqdan sonra “suyum çatmır” narazılığı yaranır.
Halbuki düzgün yanaşma əksinə olmalıdır: əvvəl su imkanını müəyyənləşdirmək, sonra əkin planını qurmaq. Bu, həm fermerin risklərini azaldar, həm də mövcud su ehtiyatlarının daha ədalətli və səmərəli bölüşdürülməsinə imkan verər.
Üstəlik, söhbət artıq yalnız Azərbaycanın deyil, bütün dünyanın qarşılaşdığı problemdən gedir. Qlobal iqlim dəyişiklikləri və artan quraqlıq su ehtiyatlarının idarə olunmasını yaxın illərin ən ciddi strateji məsələlərindən birinə çevirir.
Ona görə də kənd təsərrüfatında dayanıqlı inkişaf üçün dövlət qurumlarının gördüyü işlərlə yanaşı, fermerlərin də planlı əkinə, su resurslarının qorunmasına və mövcud imkanların düzgün qiymətləndirilməsinə məsuliyyətlə yanaşması vacibdir.
Dövlətin aqrar siyasətinin nəticəsi təkcə ayrılan vəsaitlə deyil, tarlada, məhsulda və fermerin əməyinin nəticəsində ölçülür.
Və burada bir həqiqət dəyişmir: torpaq məhsul verə bilər, amma su olmadan öz potensialını reallaşdıra bilməz.












