Paytaxt Bakının nəqliyyat sistemini iflic edən tıxacların qarşısını almaq məqsədilə salınan xüsusi avtobus zolaqları, təəssüf ki, hələ də gözlənilən tam effekti verə bilmir. Rəsmi qurumlar tərəfindən şəhərin onlarla əsas küçə və prospektində sarı xətlər çəkilsə və bura daxil olan digər nəqliyyat vasitələrinə yüksək məbləğdə cərimələr tətbiq edilsə də, pik saatlarda avtobusların hərəkət intervalında kəskin gecikmələr yaşanır.
1xeber.media xatırladır ki,bunun əsas səbəblərindən biri zolaqların tam ardıcıl olmamasıdır. Müəyyən bir prospektdə sürətlə hərəkət edən avtobus, zolağın bitdiyi və ya daraldığı qovşaqlarda ümumi tıxaca girməyə məcbur olur. Bundan əlavə, bəzi sürücülərin zolaqları parklanma yeri kimi istifadə etməsi və ya kameraların olmadığı hissələrdə qaydaları kobud şəkildə pozması ictimai nəqliyyatın sürətini kəskin şəkildə aşağı salır.
Vətəndaşlar səhər və axşam saatlarında dayanacaqlarda bəzən yarım saatdan çox eyni marşrutu gözlədiklərini, gələn avtobusların isə həddindən artıq dolu olduğunu bildirirlər.
Bu vəziyyət metro stansiyalarında da (xüsusilə "28 May", "Gənclik" və "Koroğlu" qovşaqlarında) sərnişin sıxlığının idarəolunmaz həddə çatmasına rəvac verir. Nəqliyyat ekspertlərinin fikrincə, avtobus zolaqlarının işlək olması üçün təkcə cərimələr kifayət deyil; şəhərə daxil olan minik avtomobillərinin sayını tənzimləyən alternativ mexanizmlər qurulmalı, zolaqlara nəzarət edən operativ mobil qrupların və kameraların sayı ikiqat artırılmalıdır.
Aidə Tofiqqızı
















