2026-cı ilin yanvarından istehsal tarixi 15 ildən artıq olan avtobuslar müntəzəm marşrut xəttində istifadə olunmayacaq. Yeni qərar Bakı, Sumqayıt, Gəncə, Naxçıvan, Xankəndi şəhərlərinin, Abşeron, Ağdam, Şuşa, Laçın rayonlarının inzibati ərazilərində avtomobil nəqliyyatı vasitələri ilə müntəzəm sərnişin daşınmalarını həyata keçirən daşıyıcı şirkətlərin qarşısına qoyulan tələbdir.
Nəzərə alsaq ki, avtobus parkının yenilənməsi, xətlərin elektron ödəniş sisteminə keçməsi prosesi artıq 10 ildir davam edir və hələ də ictimai nəqliyyatin keyfiyyətində müsbətə doğru dəyişiklik baş verməyib, bu islahatın nəticələri gözləntiləri doğrultmaya bilər.
Bu gün xüsusilə Bakı şəhərinin nəqliyyat problemlərinin bəlkə də ən ciddisi müntəzəm avtobus sərnişindaşıması ilə əlaqəlidir. Bakı şəhəri üzrə avtobusla sərnişindaşımanın 23%-ni icra edən “BakuBus” MMC-nin gündəlik sərnişin dövriyyəsi 350 mindən çoxdur. Lakin bu sərnişinlər necə və hansı şəraitdə daşınır? Avtobusların hərəkət qrafiki, yayda sərinləşdiricinin, qışda isə isidicilərin işləməməsi, sürücülərin sərnişinlərlə davranışları problem olaraq qalır.
“BakuBus”a məxsus avtobuslarda gecikmələr
“BakuBus”a məxsus 3 saylı marşrut xətti səhər saatlarında 20-25, günortalar isə 40 dəqiqəyə yaxın gecikir. Sərnişinlərin Teleqraf-a verdiyi məlumata görə, sürücülər vaxtlarının çoxunu xəttdə deyil, son dayanacaqda - “Dərnəgül” metro stansiyasının önündəki “çayxana”da keçirirlər.
Əksər hallarda mənzil başına gecikən sərnişinlər sürücünün nə zaman insafa gəlib sükan arxasına oturacağını gözləyirlər. Həngamə də bundan sonra başlayır. Sürücülər interval üzrə gecikməni avtobusun sürətini artırmaqla kompensasiya etmək istəyirlər. Qaydalara görə, avtobusların sürəti 90 km/saatdan çox ola bilməz. “BakuBus”a məxsus 3 saylı marşrut xətti “Gənclik” metrostansiyasından Abay Kunanbayev küçəsinə cəmi 10 dəqiqəyə çatır.
Eyni vəziyyət “BakuBus”a məxsus 4 saylı marşrut xəttində də yaşanır. 30 dəqiqə intervalla hərəkət edən avtobuslar 21:30-dan sonra qrafiki dayandırırlar. Yəni gün ərzində vətəndaşlar 10 dəqiqəlik yol üçün 30 dəqiqə dayanacaqda marşrut gözləyir, axşamlar isə ümumiyyətlə ya taksi, ya da piyada getməli olurlar.
“Sahil” metrosundan Sahil qəsəbəsinə isə “BakuBus”ın sadəcə bir marşrut xətti var - 149. Bu xətt üzrə də hərəkət qrafiki anormaldır. Sonuncu avtobus dayanacaqdan 22:00-da çıxır.
Bir sözlə, bu gün paytaxtda ictimai nəqliyyat sistemində avtobusların hərəkət qrafiki marşrut xəttinin başlanğıc və son dayanacaq məntəqələri üzrə sərnişin axınının intensivliyinə deyil, fərqli qaydalarla müəyyən edilib. Ekspertlərə görə, avtobus xətləri metro qatarlarının hərəkət qrafiki ilə uyğunlaşdırılmalıdır. Yəni qatar stansiyaya çatanda avtobusların hərəkət intervalları da həmin ana uyğun tənzimlənməlidir. Bu, artıq rəqəmsal idarəetmə ilə mümkündür.
Xatırladaq ki, "BakuBus" MMC Nazirlər Kabinetinin 3 aprel 2014-cü il 92 nömrəli qərarı ilə Bakı şəhər İcra Hakimiyyətinin tabeliyində yaradıldığı zaman qarşıya qoyulan əsas tələb sərnişinlərə avtobus nəqliyyatı sahəsində beynəlxalq standartlara uyğun xidmətin təşkili, bu sahənin müasir tipli nəqliyyat vasitələri ilə təchiz edilməsi, sərnişin daşımaların yerinə yetirilməsi zamanı texniki və ekoloji baxımdan təhlükəsizliyin təmin olunması idi. Yuxarıda qeyd etdiklərimizin isə nə beynəlxalq standartlar, nə də təhlükəsiz xidmətlə əlaqəsi var.
Nəzərə çatdıraq ki, “2025–2030-cu illər üçün Dövlət Proqramı”nda qarşıya qoyulan hədəflərə nail olmaq, sərnişindaşıma xidmətinin səviyyəsini yüksəltmək məqsədilə müntəzəm şəhərdaxili (rayondaxili), qəsəbələrarası və şəhərətrafı avtobus marşrutlarında sərnişindaşıma xidmətlərinin tariflərinin aşağı həddi məsafədən asılı olaraq 60 qəpik müəyyən edilib. Düzdür, gələcəkdə sərnişinlərin məsafəyə uyğun pul ödəyəcəkləri bildirilir. Yəni qısa məsafəyə gedənlə uzun məsafə qət edən eyni miqdarda ödəniş etməyəcək. Lakin hələlik gündəlik avtobuslardan istifadə edən vətəndaşlar ödədiyi gediş haqqından aşağı xidmətlə qarşılaşır. Artan gediş haqları və büdcədən bu istiqamətə ayrılan vəsaitlərin fonunda ictimai nəqliyyatda xidmət səviyyəsi ktirikdir. Bütün bunların fonunda “BakuBus” eləcə də özəl daşıyıcı şirkətlər zərərdən şikayətlənirlər. Yeri gəlmişkən, MMC 2017-ci ildə açıqladığı zərərdən sonra maliyyə hesablatlarını gizlədir.
Avtobus parkı üçün bağlanın milyonluq müqavilələr
Rəsmi açıqlamalara görə, hazırda Bakıda təxminən 2.300 avtobus fəaliyyət göstərir. Bu ilin sonuna qədər, həmçinin növbəti illər ərzində paytaxtda hər il təxminən 400, Sumqayıtda isə 100 yeni avtobusun alınması və daşımalara cəlb edilməsi planlaşdırılır. Bu, həm sərnişin sıxlığının azaldılmasına, həm də xidmətin keyfiyyətinin yüksəldilməsinə yönəlib. Keyfiyyətdən söz düşmüşkən, "BakuBus" MMC-nin bu istiqamətdə xərclədiyi milyonlar diqqətdən yayına bilməz. Məsələn, MMC avtobus yuma stansiyası avadanlığının satın alınması (Xırdalan şəhəri) ilə bağlı 4 ədəd üç fırçalı avtobus yuma avadanlığının (çatdırılma və quraşdırılma daxil) alınması ilə bağlı 1 milyon 192 min 170 manat dəyərində tender elan edib. Avtobus qarajının təmir mərkəzi üçün alət və avadanlıqlarının satın alınması (Xırdalan şəhəri) üçün isə elan edilən tenderin dəyəri 1 milyon 73 min 824 manatdır. MMC albalılıq avtobus parkı üçün İT avadanlıqları və ləvazimatlarının satın alınmasına 130 min 452 manat xərcləməyi planlaşdırıb.
“BakuBus”ın Xəzər rayonu, Buzovna qəsəbəsi Albalılıq ərazisində yerləşən avtobus parkı ilə bağlı təkcə bu il ərzində bağladığı müqavilələrin dəyəri milyonlarla ölçülür.
Qurum “Electrify Azerbaijan” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə elektrik enerjisi ilə işləyən avtobuslar (BYD) üçün elektrik dolum stansiyalarının satın alınması və Xəzər rayonu, Buzovna qəsəbəsi Albalılıq ərazisində yerləşən avtobus parkına quraşdırılması ilə bağlı 1 milyon 193 min 451 manat dəyərində müqavilə imzalayıb. Satınalma bir mənbədən reallaşdırılıb.
"Karcher" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Albalılıq avtobus parkında yerləşən yuma məntəqəsi üçün portal tipli yuyucu avadanlığın alınması və quraşdırılmasının satın alınması üçün 436.000 AZN dəyərində müqavilə imzalanıb.
Bakı şəhəri Xəzər rayonu, Buzovna qəsəbəsi Albalılıq ərazisində tikiləcək yeni avtobus parkının tikinti işlərinin satın alınması ilə bağlı "Bakıyaşayıştikinti" MMC-yə isə 12 milyon 922 min 360 manat ödənilib.
200 ədəd elektrik şəhər avtobuslarının və əlaqəli xidmətlərin təchizatı və çatdırılması üçün "Azerbaijan Energy Automotive Factory" MMC ilə 101 milyon 973 min 616 dəyərində müqavilə imzalanıb.
2024-cü ildə xərclənən milyonlar
Ötən il Bakı şəhəri üçün 160 ədəd elektrik avtobusu və onun şarj aparatlarının satın alınması ilə bağlı “BYD Auto İndustry Co., Ltd” ilə bir mənbədən keçirilən satınalınmada 86 milıyon 962 min 437 manat dəyərində müqavilə imzalanıb.
"BakuBus" MMC Suraxanı rayonu Zığ yolu 95 ünvanında yerləşən avtobus parkında 0.4 kv daxili elektrik sisteminin qurulması işləri “Bakelektro” ASC-yə 15 milyon 67 min 184 manat ödəyib.
Yeri gəlmişkən, Hesablama Palatasının “2024-cü il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinə verdiyi rəydə 3 layihə üzrə “BakuBus” MMC-yə 99,98 milyon manat ayrıldığını qeyd edib. Söhbət təkcə dövlət əsaslı vəsait qoyuluşu çərçivəsində ayrılan vəsaitlərdən gedir. MMC ötən il digər mənbələrdən də milyonlarla vəsait alıb.
Hesablamalara əsasən, 2015-ci ildən 2022-ci ilə qədər “BakuBus”a və onun idarə olunmasına, avtobus bazasının yaradılmasına 1 milyarda yaxın vəsait xərclənib.
Sürücülər üçün minimum şərait
Avtobus parkının yenilənməsi, yuma məntəqəsinin quraşdırılması və sair tədbirlərin fonunda sürücülərin minimum təbii ehtiyaclarını ödəmələri üçün heç bir şərait yaradılmayıb. Yeməkxana kimi son məzillərdəki dayanacaqlardan istifadə edilir. Sanitar qovşaqlar da yoxdur. Əksər hallarda sürücülər təbii ehtiyaclarını ağaclıqlarda ödəyirlər. Əslində magistral yolların kənarında yük və sərnişindaşıma fəaliyyəti ilə məşğul olan sürücülər üçün quraşdırılan istirahət yerlərinin qapılarında qıfıl olduğunu nəzərə alsaq, mövcud olub yararlana bilməməkdənsə, ümumiyyətlə var olmaması ilə razılaşmaq daha asandır.
teleqraf

















